“Spirtli içkinin təsiri altında olan insan muğamı dərk edə bilməz”
Tamaşaçılar əsasən Qoçaq Əsgərovu efirdə yayımlanan “Muğamstar” verilişindən tanıyırlar. Mən də daxil olmaqla bütün ailəmiz onun ifasını səbrsizliklə gözləyərdik. Hər dəfə ifası insanları valeh edirdi. Ancaq o gün oğlunu itirdiyi həftə ifa etdiyi muğam sanki, musiqinin bir janrı deyildi. Övladını itirən bir atanın naləsi, fəryadı idi. O gün onun ifası ilə bütün studiya göz yaşında boğuldu.
Belə bir istedadlı ifaçıdır Qoçaq Əsgərov…
Onun Moderator.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:
-Qoçaq bəy, bir dönəmlər estrada müğənniləri muğam janrına sanki axın etməyə başladılar. Sizcə bu nədən irəli gəlirdi?
Ümumiyyətlə, bizim insanlarda bir xüsusiyyət var ki, dövlət, insanlar hansı sahəyə maraq edirsə həmin sahəyə axın da artır. Bəli, bir zamanlar insanlar muğamı tamamilə yadırğamışdılar. Sonralar dövlətin muğama marağı, himayəsi bəzi estrada ifaçılarını bu janra çəkdi. Bacardı bacarmadı çoxları muğam ifa etməyə başladılar. Iş burasındadır ki, bir zamanlar xanəndə olduğumuz üçün bizə lağ edənlər indi özləri də muğam ifa edirlər. Mən kiminsə muğam ifa etməsinin əleyhinə deyiləm. Amma elələri var ki, onların estradadan muğama keçməsi təlxəklik kimi görsənir. Mən düşünürəm ki, bu janrın kimlər tərəfindənsə düzgün ifa olunmaması muğamımızın gözdən salınmasında rol oynayır. Çünki muğam ağır janrdır. Və onu ifa etmək hər ifaçının bacardığı iş deyil.
-Tanınmış estrada ifaçımız Lalə Məmmədova da “Leyli və Məcnun” da Leylini ifa etdi. Bəziləri bəyəndi, bəzi xanəndələr isə tənqidlə qarşıladı. Siz necə düşünürsünüz? Lalə Məmmədovada Leyli obrazı alındı?
-Lalə xanımı şəxsən tanıyıram. Çox istedadlı, səviyyəli bir xanımdır. Onun bu cəhdini pis qarşılamıram. Ona görə ki, insandır. Ola bilsin ki, ürəyində arzusu olub Leylini ifa etmək istəyib. Düzünü desəm, mən o tamaşada olamamışam, efirdə bəzi fraqmentləri izləmişəm. Yəni estrada ifaçısı üçün bu ifa yetərli sayıla bilər.
-Bəzən xanəndələr televiziyalarda muğama qoyulan vaxt məhdudiyyətindən şikayətlənirlər. Belə hallarla rastlaşmısınız?
-Mən artıq 2 ildir ki, Azərbaycan telekanallarında verilişlərə getmirəm. Bir dəfə bir telekanalda verilişə dəvət olunmuşdum. Həmin verilişin produsseri mənə təklif etdi ki, çalış şən əhval- ruhiyyəli mahnı ifa et. Əlbəttə ki, onun sözü ilə razılaşmadım. Cavab verdim ki, mən müəyyən repertuar hazırlayıb gəlmişəm bura, razısınızsa onu ifa edim, razı deyilsinizsə mən gedə bilərəm. Həmin insan anladı ki, mən nə demək istəyirəm. Inandırım sizi ki, mən orda qalıb öz repertuarımda olan mahnını ifa etdikdən sonra elə həmin proddusser mənə yaxınlaşıb təbrik etdi və ifamın tamaşaçılar tərəfindən çox bəyənildiyini dedi. Əgər mənim ifama efirdə vaxt məhdudiyyəti qoyulsa mən heç vaxt həmin verilişdə ifa etmərəm.
-Az öncə də qeyd etdiniz ki, artıq 2 ildir ki, televiziya verilişlərində iştirak etmirsiniz. Bunun səbəbini daha nə ilə izah edərdiniz?
-Azərbaycan telekanallarının demək olar ki, hamısı məni dəvət edir. Ancaq mən hər verilişə getmək istəmirəm. Çox verilişlərə dəvət olunsam da, gözümü yumub efir xatirinə verilişlərə qaçmıram. Yəni seçim edirəm. Bu yaxınlarda mənə “Könül dünyamız” verilişindən təklif gəldi, təbii ki, həmin verilişdə iştirak etməyi düşünürəm.
-Bir çox xanəndələr toylarda iştirak edirlər. Belə desək, artıq “toy biznesi”nin nümayəndəsi olublar…
-Bilirsiniz, muğam elə bir janrdır ki, bu janrda bir ilahiyyat, ilahi eşq var. Spirtli içkinin təsiri altında olan bir insan muğamı dərk edə bilməz, muğam onu düşündürməz. Mənim fikrimcə muğam toy musiqisi deyil. Muğam elmi, muğamı dərk etmək mədəniyyəti olan insanların qavradığı, dərk etdiyi bir musiqi janrıdır.
-Bildiyimiz kimi, siz toylarda bir muğənni kimi iştirak etmirsiniz. Nə vaxtsa məcbur qalsanız toylarda iştirak edərsiniz?
-Hansısa toya gedəndə alkoqollu insanın xoşa gəlməyən sözünü mən qəbul edə bilmirəm. Mən bu səviyyəyə gəlməyimdə çoxlarının böyük zəhməti olub. Əlbəttə, həmin insanlar xahiş edəndə onların toyunda təmənnasız iştirak edirəm. Ancaq gəlir xatirinə dedikdə isə mənim də övladlarım var. Onların xatirinə başqa bir yol düşünərəm. Ancaq maddi gəlirə görə mən heç kimin qarşısında özümü alçaltmaram.
-Çox zaman xarici ölkərə səfərlərdə olduğunuzu görüb-eşidirik…
-Ilk öncə qeyd edim ki, mən Allahıma çox bağlı insanam. Digər tərəfdən, mən heç vaxt toy müğənnisi olub, külli miqdarda pul qazanmaq arzusunda olmamışam. Hər zaman arzum bu olub ki, Alim Qasımov kimi dünyada tanınmış bir sima, səs olum. Görünür, Allahım məni bu arzuma çatdırmaq istəyib. Demək olmaz ki, mənim maddi gəlirim yüksəkdir. Insanlar elə düşünə bilər ki, mən xarici ölkələrdə konsertlərdə oluram, orada disklərim satılır, mənim gəlirim həddindən çoxdur. Ancaq bu belə deyil, mən müəyyən dərəcədə qonorar alıram. Təbii ki, bu qonorarı almaq illər tələb edir. Insanlar inciyə bilər ki, Qoçaq toy müğənnilərini bəyənmir. Əsla belə deyil. Sadəcə hər kəsin bir amalı olur. Mənim də amalım bu olub ki, Alim Qasımov kimi dünyada, beynəlxalq arenada tanınım. Yəni o səviyyədə bir xanəndə olum. Allahıma çox şükr mənə bu yolu qismət etdi, həmin yolda irəliləyə bilirəm.
-Xarici ölkələrdə səfərlərdə çox olursunuz. Bu səfərlərin xərclərini özünüz qarşılayırsınız, ya dövlət tərəfindən dəstəyiniz olur?
-Əlbəttə, elə səfərlər olur ki, mənim heç bir maddi gəlirim olmur. Məsələn, bu yaxınlarda Amerikada oldum. Bütün xərc dövlət tərəfindən qarşılandı. Bu səfərdə maddi gəlirim olmadı. Sadəcə düşündüm ki, bunu vətənim xatirinə etməliyəm və getdim. Düşünürəm ki, Azərbaycanda yaşayan, bu torpağın çörəyin yeyib, suyun içən hər bir vətəndaş belə edərdi. Çox zaman səfərlərimin maddi qarşılığını Mədəniyyət Nazirliyi, və ya Heydər Əliyev Fondu qarşılayır.
Ancaq elə səfərlər olur ki, xərclər səfər etdiyim dövlət tərəfindən çəkilir. Məsələn, bu yaxınlarda İsrailə, Çinə, İrana səfərlərim planlaşdırılır. Bu səfərlərdə maddi xərcləri və konsert üçün nəzərdə tutulan qonorar həmin dövlət və ya həmin ölkədə olan şirkətlər tərəfindən qarşılanır.
-Elə bir şirkət və ya imkanlı şəxslər var ki, sizə sponsorluq etsin?
-Bu yaxınlarda bir təklif gəldi. Almaniyanın Prami kompaniyasından mənə təklif gəldi. Onlar bir CD istəyirdilər baxmaq üçün. Baxdım ki, bu CD üçün minimum 10000 AZN lazımdır. Bu layihə həm Azərbaycan, həm mənim üçün çox əhəmiyyətli idi. Çünki bu CD BMT- də, UNESKO – da müəyyən şəxslərə təmənnasız olaraq paylanmalı idi. Bir neçə təşkilatlara müraciət etdik. Müsbət cavab gəlmədiyi üçün kampaniyada iştirak etməkdən imtina etdim.
-Bu sahədə olan Qeyri Hökumət Təşkilatları sizə dəstək olurmu?
-Bu sahədə fəaliyyət göstərən QHT-lər musiqiyə, mədəniyyətə xidmət etmir. Onlar lazımsız yerlərə dövlət tərəfindən pul alıb “ciblərinə yığırlar”. Yəni bu gün bu təşkilatların musiqiyə, mədəniyyətə heç bir faydası yoxdur.
Lalə Novruzlu