Oğuz meşələrində at oynadan “üçlüyün” himayəçisi kimdir?

14

agacRayon sakininin baş prokurora ünvanladığı müraciətdə böyük qanunsuzluqlardan bəhs olunur…

 
Oğuzun Ərimənət kənd sakini Nazim Əbdürəhimovun nümayəndəsi Əbülfət Əhmədov baş prokuror Zakir Qaralova müraciət edib. Nümayəndə hüquqlarını qoruduğu şəxsin döyüldüyünü, lakin N.Əbdürəhimovu döyən şəxslərinj cəzasız qaldıqlarını yazır: 
“17.11.2013-cü ildə Nazim Əbdürəhimov Oğuz rayonu, Xal-Xal kəndində Bayram, Vaqif və Nazim adlı şəxslər tərəfindən döyülüb. Həmin tarixdə N.Əbdurəhimov ərizə ilə Oğuz rayon Polis Şöbəsinə müraciət edib. Bildirib ki, yaşadığı evə odun gətirərkən özlərini Meşə İdarəsinin işçiləri kimi  təqdim edən 3 şəxs onu zorla maşından yerə salıb və döyüblər. Sonradan məlum olub ki, həmin şəxslər Bayram Əhməd oğlu Umarov, Vasif Çingiz oğlu Mahmudov və Nazim Əhməd oğlu Məmmədovdur.
Təəssüf ki, N.Əbdurəhimovun döyülərək ağır bədən xəsarəti alması ilə nəticələnən qəddarlığı törədən şəxslər bu gün də cəzalandırılmayıb”.
 
Nümayəndə yazır ki, N. Əbdürəhimovun şikayətinə baxılarkən ciddi qanun pozuntularına yol verilib, baş vermiş hadisə tam, hərtərəfli və obyektiv araşdırılmayıb: “Şahid ifadələri təkzib edilib, işin hüquqi və faktiki halları aydınlaşdırılmayıb. Belə ki, iş üzrə istintaq qrupunun baş müstəntiqi Ələkbər Əsgərov 05.12.2013-cü ildə ”Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edib. Bu qərardan verilmiş şikayəti Oğuz Rayon Məhkəməsi təmin etməyib. Qərardan Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilib. Oğuz Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassız olduğuna görə şikayət təmin olunub. Müstəntiq Ə.Əsgərovun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Bayram Umarov və Vasif Mahmudova aid hissədə ləğv edilib, işin yenidən araşdırılması, qanuni və əsaslı qərarın qəbul edilməsi üçün Oğuz RPŞ-yə həvalə edilib”.
 
Məktub müəllifi yazır ki, müstəntiq bu işdə maraqlı olduğu üçün məhkəmə qərarında göstərilən xüsusatları və detalları aydınlaşıdırmadan, qərarda göstərilən halları nəzərə almadan yenidən cinayət işinin başlanmasından vaz keçib: “N.Əbdurəhimov bu şəxslər tərəfindən döyüldükdən sonra xəstəxanaya aparılıb. Ora müstəntiq gedib və akt tərtib edərək zərərçəkmişin poliverini, şalvarını, köynəyini götürüb, fotolarını çəkib. Onun göstərişi əsasında Vüqar adlı polis əməkdaşı müstəntiqin topladığı sübutları götürərək şöbəyə aparıb. Lakin müstəntiq dəlil-sübutları gizlədir və respublikamız adından çıxarılan məhkəmə qərarlarını saya salmır, qanunsuz qərarlar qəbul edir. Üstəlik, qəbuluna gedəndə bizə ”əliniz hara qədər çatır gedin şikayət edin, mənim arxamda kimlərin dayandığını bilmirsiniz” deyir”.
Nümayəndə baş prokurora müraciətlə yazır: “ Cənab prokuror! İnanırıq ki, siz iş materialının yenidən qanuni və əsaslı araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına qanuna müvafiq göstəriş verəcəksiniz”. (musavat)