“Nədir bizim bu çəkdiklərimiz axı? Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, bir yoluna qoyun bu işləri lütfən. Bezdik axı bu cür keyfiyyətsiz xidmətlərdən! Pulumuzu alırlar, 5 dəqiqə ödəniş geciksə, xidməti dərhal dayandırırlar, amma normal xidmət verməyə gəlincə, canları çıxır!”
Elchi.az xəbər verir ki, bunu əməkdar jurnalist Azər Həsrət Feysbuk hesabında bildirib:
“Bu “SelNet” adlı bir zibil provayder var! Dədəlidə onun xidmətindən istifadə edirik. Təxminən 10 gün öncə görürəm ki, axşam saat 8-dən sonra internet ümumiyyətlə kəsilir. 1 gün, 2 gün, 3 gün belə davam edəndə dözmədim, bunların Xırdalandakı ofisinə zəng elədim. Cavab verən oğlan elə kobud tərzdə yanaşdı ki, əsəbləşib çığırmalı oldum. Adamı qandıra bilmədim ki, pulumu vermişəmsə, canınız çıxsın, xidməti təmin edin! Deyir ki, orda gecələr iş aparılır! Xəbərdarlıq yox, üzrxahlıq yox! Ağıllarına gəlib, götürüb interneti tam olaraq kəsiblər ki, iş aparırıq! Özü də hər gecə!
Dünən gecə də baxıram ki, internet gedir-gəlir. Gələndə də sürət şəkildə göründüyü kimi! Ayda 15 manat veririk buna! İndi gündüz vaxtıdır, yenə də sallana-sallana işləyir internet!
Yeri gəlmişkən, keçən il ardıcıl 10 gün internet olmadı. Söz verdilər ki, əvəzində 10 gün pulsuz xidmət verəcəklər. Amma verdikləri sözü tutmağa kişilikləri çatmadı! Vaxt çatan kimi interneti kəsdilər! Zəng etdim ki, bəs axı 10 gün əlavə verəcəkdiniz xidməti ki, kəsintini kompensasiya edəsiniz? Bir ağlabatan cavab olmadı!”.
Şayəstə