Niyə sevinə bilmirəm?

95

Novruz gəlir, mən sevinə bilmirəm. Məni başqa cür başa düşməyin! Fikirləşə bilərsiniz ki, bəlkə də yazacaqlarım ürəkdən gələn sözlər deyil. Amma inanın ki, tam səmimiyəm, bu bayram ərəfəsində düşüncələrimi də sizlərdən başqa heç kəslə bölmək istəmədim. Məmləkətimizə ulu əcdadlarımızdan yadigar qalmış bir bayram gəlir-Novruz bayramı. Kimi sadəcə sevinir, kimi bayram süfrəsi hayındadır, kimi bahalıqdan gileylənir, kimi də… Ən çox sevinən uşaqlar və yeniyetmələrdir. Çünki bu dünyanın gəldi-gedərindən xəbərləri yoxdur. Amma mən nədənsə neçə illərdir ki, məhz Novruz bayramında çox kədərli oluram, yalandan gülümsəyirəm. İçimdə olan Qarabağ həsrəti məni bayram keçirməyə qoymur. Düz 26 ildir ki, zahirən qeyd etdiyim yalançı bir Novruz bayramı var. Alışan tonqallara baxanda, rəqs edən qız-gəlinləri görəndə, kosa və keçəlin mənasız danışıqlarına qulaq asanda sevinmirəm, içim daha da kədərlənir. Gözlərim önünə bir milyondan artıq qaçqın və köçkün, viranə qalmış torpaqlarımız gəlir, övladlarını itirmiş bacı və qardaşlarım yadıma düşür. Siz deyin, necə bayram keçirim? Lap elə ötən ilin aprel döyüşlərində canlarından keçərək torpaqlarımızın müəyyən hissəsini daşnak ermənilərdən xilas edən əsgərləri necə unudum? Mən ruha inanıram. Elə bilirəm ki, sevinərəmsə, şadlanaramsa şəhidlərin ruhu məndən küsər, inciyər. O şəhidlər ki, lap yaxınlarda sağ-salamat bizimlə bir yerdə idilər. Qarabağa getdilər, heç uf da demədən canlarına qıydılar, bir qarış Vətən torpağı üçün özlərini fəda etdilər. Necə sevinim? Kəlbəcərim, Zəngilanım, Fizulim, Ağdamım və neçə-neçə şəhərim və kəndim düşmən əlindədir. Necə sevinim? Girov götürülən qız-gəlinlərimiz işgəncələrə məruz qalır, daşnaklara boyun əyməyə məcbur edilirlər. Mən novruzgülünü, bənövşəni çox sevirəm. Lakin indi onlar da mənə maraqsız görünür. Çünki Kəlbəcərin, Qubadlının, Şuşanın və digər viran qalmış ərazilərimizin çöllərində bu güllərin əvəzinə minalar “bitib”. Bəlkə də bu güllər indi heç oralarda görünmürlər, ya da erməni tanklarının altında qalıb əzilirlər. Bəlkə onlar da Vətən oğullarının yolunu gözləyirlər? Bəs onları toplamağa nə vaxt gedəcəyik? Düz 26 ildir ki, hər Novruzda növbəti bayramı Qarabağda keçirəcəyimizi fəxrlə söyləyirik. Süfrələr açırıq, Qarabağın şərəfinə qədəhlər toqquşdururuq, bir-birimizin evinə qonaq gedirik, cürbəcür hədiyyələr alırıq, daha nə bilim nə. Hələ onu demirəm ki, bəzi xarici ölkələrin Bakıdakı səfirləri ürəklərində erməniyə məhəbbət tonqalımızın üstündən də tullanırlar. Mən pessimist deyiləm, siyasi romantikadan da uzağam. Amma bir həqiqəti mütləq yazacağam. Bayram günlərində insanlar dədə-babalarının qəbirlərini ziyarət edirlər. Bundan mərhum olmuş köçkünlərimizi necə xatırlamayım? Qəbirlərimizdən belə intiqam alan vəhşi ermənilərin Dağlıq Qarabağdakı mövcudluğunu necə həzm edim? Mən dədə-babalarının məzarları işğal altındakı ərazilərdə qalan millətimin nümayəndələrini gözəl anlayıram. Onlar da hamımız kimi əziz bayram günlərində vəfat edənlərini yad etmək istəyərdilər. Nə edək? Qarşımızda ayının qucağında gizlənmiş bir düşmən durub. O düşmən ki, faşistlərin ölənlərinə rəhmət oxutdurur. Bilmirəm, niyə Şuşa, Kəlbəcər və digər işğal olumuş rayonlar məhz Novruz bayramında yadıma düşür. Telekanallardakı bayağı musiqilərə, yersiz tamaşalaravə əyləncəli verilişlərə baxa bilmirəm. İçim göynəyir, əsəblərim tarıma çəkilir. Çünki hamı kimi ola bilmirəm. Elə başa düşməyin ki, Novruz bayramının keçirilməsinin əleyhinəyəm, qətiyyən belə deyil. Nə qədər ağrılı olsa da, qoy düşmənimiz sevinməsin, bizi dərd-qəm içində görməsin. Amma bu günlərdə şəhid məzarlarını da unutmayaq. Onların heç nəyə ehtiyacı yoxdur. Bir novruzgülü və bənövşə məzarlarına bəs edər. Mən Novruz bayramını əsl sevinclə keçirmək istəyirəm. Arzulayıram ki, həmin gün böyük bir süfrə açam. Onun üzərində Azərbaycanın hər yerindən gətirilmiş ləziz yeməklər, hədiyyələr, güllər düzülsün. Güllərin ortasında isə Laçından, Şuşadan, Kəlbəcərdən, indi düşmən tapdağında olan ərazilərimizdən dərilmiş novruzgülü və bənövşələr olsun. Bəli, qismət olsa həmin gün əsl bayram edəcəyəm! Çünki məmləkətimin hər bir küncündə Novruz tonqalları alovlanacaq. Buna inanaraq yaşayıram, bu günün həsrəti ilə ömür sürürəm. Qəhrəman əsgərimə, qürurlu millətimə inanıram! Bu yaxınlarda düşmənlə döyüşdə əl-ələ tutaraq, sanki bizi birliyə çağıraraq şəhid olan iki igidimizin qanının yerdə qalmayacağına inanıram! Ulu Tanrıya müqəddəs torpaqlarımızın yağılardan xilas olunması üçün dua edirəm. Hələliksə Novruz bayramını ürəkdən və varlığımla qeyd edə bilmirəm. Çünki məzarı soyumamış igidlərimizin qanı hələ ki yerdədir. Vaxt gələcək onların şəhid olduqları yerlərdən novruzgülü və bənövşələr dərəcəklər, buna əminəm. Bir möcüzəyə də inanıram, o bənövşələrin boynu bükük olmayacaq.

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru