Niderland mətbuatı Azərbaycan haqqında yazıb – FOTOLAR

58
Niderland mətbuatı Azərbaycan haqqında yazıb - FOTOLAR
3-5 iyun tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayı keçirilib. Qurultaya dünyanın 49 ölkəsindən 500 nəfər soydaşımız, 50 nəfər digər millətlərin nümayəndələri dəvət olunmuşdu. Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov və təşkilatın katibi Vim van Embden də qurultayın işində iştirak edənlər arasında olublar. 
Niderlanda qayıtdıqdan sonra “Connect”in nümayəndələri  ölkəmizlə bağlı fikirlərini Niderland mətbuatı ilə yerli oxuculara çatdırıblar. Bu günlərdə PZC qəzeti Vüqar Abbasovun və Vim van Embdenin fikirlərinə geniş yer verib. Həmin yazının qısa xülasəsini sizlərə təqdim edirik.
Yazıya Bakıda keçrilən “Formula 1” yarışları ilə başlayan müəllif, niderlandlı Maks Verstappenin də bu yarışlarda iştirak etdiyinə diqqət çəkib.
“Bakının insanları möhtəşəmdir. Mən gözlədiyimdən də artıq yüksək təəssüratla qayıtdım, Azərbaycandan… Hava limanından başlanır, bu gözəllik… Bulvarları çox gözəldir. İnsanları qonaqpərvər və diqqətçildirlər. Heç bir dini ayrı-seçkilik hiss etmədim. Təşkilatdakı azərbaycanlı həmkarımın, Vüqarın mənə danışdıqlarından daha üstün gördüm, Bakını..” – bu fikirlər Vim van Embden məxsusdur və onun Azərbaycanla bağlı fikirləri yazının əsas xəttini təşkil edir.
Daha sonra yazıda Azərbaycanda geniş biznes imkanlarının olduğuna toxunan Vim van Embden və Vüqar Abbasov niderlandlı iş adamlarını bu ölkəyə sərmayə qoymağa çağırıblar.
Yazıda eyni zamanda Qarabağ məsələsinə də toxunulub: “Qarabağ məsələsinə diqqət çəkmək təşkilatın əsas məqsədlərindən biridir. Niderland mətbuatı Qarabağı anklav ərazi adlandırır ki, bu, belə deyil. Qarabağın Azərbaycan ərazisi olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu deyirlər, “Connect”in nümayəndələri…”
“Təsəvvür edin ki, Niderlandın bir hissəsini qonşu ölkələr işğal edib. O zaman sən təbii ki, digər ölkələrə tək Niderland güllərindən, klomplarından deyil, həm də ərazilərinin işğalda olduğundan danışacaqsan. Odur ki, biz də təşkilat olaraq, Qarabağ mövzusuna diqqət verməyi lazım bilirik”, – deyə Vim van Embden əlavə edir.
Sonda Vüqar Abbasov və Vim van Embden bir daha niderlandlı iş adamlarına müraciət edərək, onları Azərbaycandakı iş şəraiti ilə daha yaxından tanış etməyə hazır olduqlarını bildiriblər.
“Sizi mənim gözəl ölkəmlə, Azərbaycanla daha yaxından tanış olmağa  dəvət edirəm”, – deyə Vüqar Abbasov əlavə edib.