Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Moskva ilə Ankaranın Qara dənizdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Görüş G20 xarici işlər nazirlərinin Balidə keçirilən toplantısı çərçivəsində baş tutub.
“Digər beynəlxalq məsələlərə, o cümlədən Rusiya ilə Türkiyə arasında Qara dənizdə və çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətə toxunulub”, – nazirliyin bəyanatında deyilir.
Sergey Lavrov və Mövlud Çavuşoğlu iki ölkə rəhbərliyi arasında gələcək təmaslara hazır olduqlarını təsdiqləyiblər: “Nazirlər 2022-ci ildə ölkələr arasında yüksək səviyyədə siyasi dialoqun dinamikasından məmnunluq ifadə ediblər. Onlar Rusiya və Türkiyə rəhbərliyi arasında, o cümlədən şəxsən sıx təmasları davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər”.
Xatırladaq ki, M.Çavuşoğlu bu gün ukraynalı həmkarı Dmitri Kuleba ilə də telefon danışığı aparıb. Türkiyə Xarici İşlər Nazirliyi məlumatına görə, XİN rəhbərləri Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Sözügedən müzakirələr barədə “Elchi.az”a danışan politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli bildirib ki, son vaxtlar Türkiyə və Rusiyanın maraqları toqquşmağa başlayıb.
Onun sözlərinə görə, NATO-nun Madrid sammitinin nəticələri Türkiyə üçün nə qədər uğurlu oldusa, Rusiya üçün bir o qədər məyusedici xarakter daşıyır:
“Kreml İsveç və Finlandiyanın NATO üzvlüyünü Türkiyənin veto hüququ sayəsində bloklaya biləcəyinə ümid bəsləyirdi. Ancaq bu iki dövlət rəsmi Ankaranın şərtlərini qəbul etdiyindən Türkiyə onların NATO-ya üzvlüyünə razılıq verdi. Nəticədə Kremlin bütün ümidləri boşa çıxdı və indi Rusiya öz şimal-qərb sərhədlərini NATO hərbi bazalarından qorumaq üçün fərqli vasitələr axtarmalıdır”.
E.Xalidbəyli vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Madriddə NATO-nun Ukrayna savaşına yönəlik mövqeyini dəstəklədiyinə eyham vurması da Kremldə narahatlıq ilə qarşılanıb:
“İndi Kremlin Türkiyə ilə münasibətlərində tədricən ziddiyyətlər daha ön plana keçməyə başlayıb. Xüsusilə də, Rusiya Türkiyənin Suriyada keçirməyə hazırlaşdığı antiterror əməliyyatına əngəl törətməyə çalışır. Eyni zamanda Kremlin Orta Asiyada Türkiyənin maraqlarına zərbə vurmağa çalışdığı müşahidə olunur.
Digər tərəfdən, rəsmi Kiyevin müraciəti ilə Türkiyə Rusiya ticarət gəmilərini də yoxlamağa başlayıb. Çünki, rəsmi Kiyev iddia edir ki, Rusiya gəmiləri Ukraynadan oğurlanmış taxıllı dünya bazarlarına çıxartmağa çalışır. Yəni, hazırda dünyada Rusiya “taxıl oğrusu” kimi də təqdim edilməyə başlayıb.
Bütün bunları nəzərə aldıqda, Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşündə müzakirə oluna biləcək bir çox mövzuların mövcudluğu qətiyyən şübhə doğurmur. Ancaq Türkiyə və Rusiyanın maraqlarında artıq kəskin ziddiyyətlərin olduğu müşahidə edildiyindən iki tərəf arasında prinsipial anlaşma ehtimalı o qədər də yüksək deyil. Türkiyənin NATO daxilində mövqelərinin güclənməsi də Rusiya üçün xoşagəlməz məqamdır. Çünki, bundan sonra Kreml Türkiyənin Cənubi Qafqazda və Orta Asiyada atdığı addımlara NATO-nun həmin bölgələrə nüfuz etməsi kimi yanaşmağa üstünlük verəcək. Yəni, bu regionlarda da Türkiyə-Rusiya rəqabətinin intensivliyəşə biləcəyi istisna deyil”.
Politoloqun fikrincə, belə anlaşılır ki, Türkiyə və Rusiya arasında hələlik effektiv danışıqlar ehtimalı o qədər də yüksək deyil:
“Kreml əslində, Ukrayna savaşı mövzusunda Türkiyənin vasitəçiliyi ilə Qərblə anlaşmaq şanslarını artıq itirmək üzrədir. Kremlin maksimalist mövqeyi hazırda Rusiyanın əleyhinə çevrilməkdədir. Ona görə də, Kreml Türkiyənin vasitəçilik missiyasından məhrum olacağı təqdirdə, bundan ən çox Rusiya ziyan çəkə bilər. Bu baxımdan, indi rəsmi Ankara Rusiya ilə deyil, məhz Kreml Türkiyə ilə ortaq təmas nöqtəsi tapıb, anlaşmağa can atmalı olacaq”.
Yeganə