Nazir: Azərbaycanda tədris ilinin müddətinin artırılması arzuolunandır

37

“Tədrisin nə vaxt başlayıb, nə vaxt bitməsinin təhsilin keyfiyyətinə heç bir aidiyyəti yoxdur”.

Elchi.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, dərslər sentyabrın 1-i başlayıb, mayın 31-i bitsə, təhsil daha keyfiyyətli olmayacaq: “Bunun onunla əlaqəsi yoxdur. Burada arqumentlər havanın temperaturu ilə bağlıdır. Təhsilin keyfiyyətinə təsir edən ən əsas məqam təhsil günlərinin sayıdır. Bizim cəmiyyətimiz hələ ki təhsil günlərinin sayının artmasına ürəkli yanaşmır. Müqayisə üçün deyim ki, hamının bizə nümunə göstərdiyi Sinqapur və Koreya təhsilində təhsil həftələrinin sayı 42-44 həftədir. Bu bizdə hazırda 36 həftədir. Bu ortadır. Daha çox olması daha yaxşı olardı. Amma bunun uzadılmasına bizim cəmiyyətimiz ağrılı məsələ kimi baxır. Son dövrlərdə Təhsil Nazirliyinin apardığı ən böyük islahat təhsili mayın 31-dən iyunun 15-nə qədər uzatmaq olub. Ən çox qınanılan islahat da bu olub. Bizdə təhsil almağın insan sağlamlığına vura biləcəyi zərərlərlə bağlı cəmiyyətdə çox ciddi miflər mövcuddur. Uşağın gözləri zəifləyə bilər, oxumaqdan uşaq havalana bilər. Uşaq nə qədər çox tədrislə məşğul olarsa, bu uşağın gələcəyi daha yaxşı olar”.