Məşədi Natiq: “Möhtəşəm aksiya fikirləşmişik”
Paris terrorundan sonra bütün dünya hərəkətə gəlib. “Charlie Hebdo” satirik jurnalının redaksiyasına olunan hücum bütün dünya tərəfindən pislənildi. Fransaya həmrəylik göstərmək üçün terroru əleyhinə bir sıra etiraz aksiyaları keçirildi.
“Charlie Hebdo” jurnalının redaksiyasına olunan hücumun dini zəmində baş verməsi ilə bağlı bir sıra iddialar səsləndirilir. Belə ki, bu jurnal dəfələrlə Məhəmməd Peyğəmbərin karikaturlarını dərc edib. Baş verən hadisədən sonra dünyanın bir sıra nüfuzlu nəşrləri Peyğəmbərin karikaturalarını yenidən dərc edib. Həmçinin terrora məruz qalan “Charlie Hebdo” jurnalı da…
Bununla bağlı isə müsəlman ölkələrinin bəzilərində də etiraz aksiyaları keçirilir.
Musavat.com xəbər verir ki, Nardaran ağsaqqalı Məşədi Natiq baş verən hadisələri qətiyyətlə pislədiklərini və bununla bağlı aksiya keçirəcəklərini bildirib: “Əvvəla qeyd edim ki, biz baş verənləri pisləyirik. İnsanların dini inancına hörmət etmək lazımdır. İnsanların müqəddəs bildiklərini təhqir etmək insanlığa yaraşmır. Mən bunu qəbul etmirəm. Nardaran Ağsaqqallar Şurası, Nardaran gəncləri olaraq, aksiya keçirməyi planlaşdırırıq. İkinci gün 20 Yanvar faciəsi gününə təsadüf etdiyindən aksiyanı ayın 21-də keçirəcəyik. Həmin gün saat 2-də Nardaranda İmam Hüseyn meydanında bu hadisələrə etiraz olaraq möhtəşəm aksiya fikirləşmişik. Hər yerə aksiya ilə bağlı xəbər verəcəyik”.
Məşədi Natiq terrorun daim əleyhinə olduqlarını da qeyd edib: “Bir müsəlman olaraq, hər cür terrora qarşıyıq. Bu çıxış yolu deyil. Xalqın maarifləndirilməsi lazımdır. Hamıya bildirilməlidir ki, İslam gözəl dindir. Bütün Avropa və dünyada İslama böyük axın var. Aksiyada haqq sözümüzü deyəcəyik. Hamılıqla bu mitinqdə iştirak etmək lazımdır”.
Nardaran ağsaqqalı aksiya hazırlıqlarından da danışıb: “Nardaranda indiyə qədər heç bir aksiyaya maneçilik törədilməyib. Bütün aksiyalar səliqə-sahmanla keçib. Təhlükəsizlik xidmətini də özümüz təmin edirik. Zəmanət veririk ki, heç bir insident baş verməyəcək. Bütün aidiyyatı orqanlar aksiyamıza nəzarət edirlər. Əminəm ki, hakimiyyətdə olanlar da dini inanc, əqidələrindən asılı olmayaraq, baş verən hadisələrə biganə deyillər və ona görə də aksiyamıza mane olmayacaqlar. Uşaqlar şüarları hazırlayırlar. Bütün dünya İŞİD terrorundan xəbərsiz deyil. İstənilən terroru pisləyirik. Baş verən terror hadisəsi ilə bağlı öz münasibətimi mətbuata açıqlamışam. Terrorla məsələ həll olunmur. Əksinə, insanlara bunun cinayət olduğu başa salınmalıdır. Müsəlmanlarda terrorçuluq olmamalıdır. Biz o insanlardan heç zaman olmamışıq, olmayacağıq da…”