Radikal müxalifət partiyalarının sosial dayaqlarının sıfır səviyyəsində olması təkzib olunmaz reallıqdır. Təbii ki, bu düşərgənin ictimai dəstəkdən məhrum olmasının ciddi səbəbləri var. Belə ki, radikalların milli maraqlara zidd olan fəaliyyəti zaman-zaman həmin düşərgədə olan insanların onların sırasını tərk etməsinə səbəb olub. Bu tendensiya ilbəil özünü daha qabarıq şəkildə büruzə verir. Xüsusilə radikal partiyaların müəyyən xarici qüvvələrin ölkəmizin əleyhinə apardıqları fəaliyyətdə alət olmaları cəmiyyətimizdə birmənalı şəkildə qəbul edilmir.
Bu partiyalar sırasında “Müsavat” da xüsusi seçilir. Bu partiyanın sıralarını tərk edənlərin sayı kifayət qədərdir. Tərk edənlərin əksəriyyəti isə Yeni Azərbaycan Partiyasına (YAP) üz tuturlar. Onlardan biri də Müsavat Partiyası Qazax rayon təşkilatının sabiq sədri İsmayıl Cahangir oğlu Miralayevdir. Məlumat üçün bildirək ki, İ.Miralayev 1994-cü ildə Müsavatın sıralarına qoşulub, 1997-2005-ci illərdə Müsavat Partiyası Qazax rayon təşkilatının sədri olub. 2005-ci il parlament seçkiləri ərəfəsində 100 nəfər müsavatçı ilə birlikdə bəyanat verərək bu partiyanı tərk edib. Beləliklə, rayon təşkilatı bütövlükdə istefaya gedib.
Bu ilin iyul ayında isə İ.Miralayev Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün partiyanın Qazax rayon təşkilatına ərizə ilə müraciət edib. Müraciətdə bildirilir: “Mən Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramını oxuyub tanış olmuşam və bəyənirəm. Partiyanın apardığı xarici və daxili siyasəti dəstəkləyirəm. Heydər Əliyev ideyalarına sadiq qalacağıma söz verirəm”.
İ.Miralayev əməkdaşımızla söhbətində 2005-ci ildə Müsavat Partiyasından istefa verdikdən sonra da müxalifət daxilində gedən prosesləri izlədiyini deyib: “Müşahidələrim əsasında belə qənaətə gəldim ki, müxalifət partiyaları heç zaman milli maraqlarımızı, Qarabağı düşünmür. Onlar yalnız şəxsi məqsədlərinə çatmağa çalışırlar və işləri birbilərilə didişməkdir”.
2005-ci ildə Müsavat Partiyası Qazax rayon təşkilatının bütün üzvlərinin bəyanatla çıxış edərək istefa verdiklərini deyən həmsöhbətimiz bildirib ki, bundan sonra burada İlqar Mustafayev adlı bir nəfər özünü rayon təşkilatının sədri elan edib. Onun sözlərinə görə, bu şəxs guya konfrans keçirmək istəsə də, öz ətrafına cəmi 5-6 nəfər toplaya bilib.
“Bütün bu proseslərin fonunda mən müşahidə etmişəm ki, ən doğru seçim Yeni Azərbaycan Partiyasıdır. Artıq bu partiyaya üzv olmaq istəyimlə bağlı verdiyim ərizəni YAP Qazax rayon təşkilatı qəbul edib. Mən artıq YAP-ın üzvüyəm və hazırda partiya vəsiqəsinin verilməsini gözləyirəm”,- deyə, İ.Miralayev qeyd edib.