Riyakarların, böhtançıların iş metodu barədə deyilmiş gözəl bir aforizm var: “Çamur at, yapışmasa da, iş buraxacaq”.
Bu gün Aslan İsmayılovun mənim barəmdə hazırladığı 6 dəqiqəlik video-çıxışı da bu riyakarlıq fəlsəfəsi üzərində qurulub. Adam 6 dəqiqə ərzində o qədər yalan danışır ki, cavab vermək üçün hansından başlayacağıma belə, qərar verə bilmirəm.
Açığı, irəli sürülən hədyanlara cavab vermək də istəmirdim. Çünki bizim uzun müddətdən bəri məhkəmə çəkişməmiz tamamlanmış, özünü vəkil adlandıran adamın Apellyasiya şikayəti belə, rədd edilmişdir. İstənilən cəmiyyətdə ən ali sözü deyən, kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirən məhkəmə sistemidir ki, onun da qərarı bəllidir. Aslan İsmayılov bu qərara tabe olmaqdandırsa, öz qanunsuz fəaliyyətinə növbəti qanunsuz addımla haqq qazandırmağa çalışır. Yəqin ki, ədalət məhkəməsi onun bu fəaliyyətinə hüquqi qiymət verəcək. Elə bu səbəbdən də Aslan İsmayılovun qanunsuz hücumlarına cavab verməyi bu zamanadək onun oyun qaydalarına uymamaq üçün məsləhət bilmir, susmağa üstünlük verirdim.
Amma böhtançıların “atılan çamur tutmasa da, iz buraxar” məntiqini nəzərə alıb, Aslan İsmayılovun təkcə mənim yox, həm də hüquq orqanlarımızın, o cümlədən bu orqanlara rəhbərlik edənlərin ünvanına söylədiyi iftiraların cəmiyyətimizdə yanlış təsəvvürlər yaratmaması üçün bəzi məqamlara aydınlıq gətirmək istədim.
Əvvəla, ondan başlayım ki, Aslan İsmayılovun kriminal ədəbiyyatına gətirdiyi “yumurta mafiyası” olduqca gülməlidir. Bu adam öz video-çıxışında, guya, Azərbaycanda narkotik mafiyasından belə güclü cinayətkar qruplaşma haqqında sensasion açıqlama verir. İddiasına görə, bu “yumurta mafiyası” deyilən cinayətkar qrup o qədər güclüdür ki, Azərbaycanın bütün dövlət sistemi onunla mübarizə apara bilmir. Bunun ən aparıcı adamı isə kim olsa yaxşıdır? –Mürvət Həsənli.
Özünü vəkil adlandıran Aslan İsmayılovun ətrafında bir nəfər tapılmır ki, deyə; ay adam, yumurta dediyin nəmənə şeydir, onun hələ mafiyası ola? Narkotiki yenə başa düşmək olar; bir qramı böyük pullar qazandırır. Yumurta dediyimiz şeyin qiyməti isə qəpiklərlə ölçülür. Bu nə mafiyadır ki, qəpiklərə göz dikə və bu boyda Azərbaycan dövləti onu zərərsizləşdirə bilməyə?
Aslan İsmayılov yumurtadan fil düzəltmək üçün təkcə Mürvət Həsənlinin adını hallandırmaqla inandırıcı olmayacağını anladığından, ittihamlarına yüksəkçinli məmurların da adını qatır. Guya, nazirlərdən bəzilərinə məni cəzalandırmaq üçün xahiş edir və onlar isə mənə bata bilmirlər. Hətta bəzi yüksəkçinlilər, guya, məni açıq aşkar himayə edirlər. Adama deyərlər ki, Mürvət Həsənlinin həqiqətən də belə bir gücü vardısa niyə öz qüdrətini daha gəlirli sahələrə sərf etmir? 5-10 qəpiyin arxasınca düşən bu adamdan mafiya babası çıxsa, nə faydası?
Əslində Aslan İsmayılovun erməni müvəkkilindən alacağı 200 min dollar üçün bu qədər yalan uydurmasının başqa səbəbi var. Öz aləmində min bir yalan uyduraraq, orqanlarının rəhbərlərini mənə qarşı qoymaqla məhkəmə prosesinə təsir göstərmək istəyir. Bunun üçün də guya mənim nə zamansa bu adamların haqqında Aslan İsmayılova hədyanlar söylədiyimi dilə gətirir. Elə bu yerdə də məntiqi mühakimələrdən uzaqlaşır. Axı, əgər mənim arxamda bu qədər nəhəng qüvvə dayanırsa, ömrümdə bir neçə dəfə gördüyüm və qarşı tərəfin hüquq nümayəndəsi olan Aslan İsmayılova hansı zərurətdən həmin sözləri deməliyəm? Bu qüdrətə və himayəyə malik olan insan Aslan İsmayılovun nəyindən qorxub bülbül kimi ötməlidir? Əlbəttə, bu sualların heç bir məntiqi açıqlaması yoxdur. Çünki mövcud olmayan bir şeyin məntiqi əsaslandırması da olmur.
Aslan İsmayılovu bu məntiqsizliyə yuvarlanmağa vadar edən isə, zənnimcə, erməni havadalarından vaxtaşırı aldığı pullardır. Görünür, erməni süfrəsinin qırıntılarıyla dolanan bu adam yenə də yağlı sifarişlər alıb və mənim üzərimə hücuma keçib. Belə adamlara bizim mentalitetdə müxtəlif adlar deyirlər. Mən Aslan İsmayılovdan fərqli olaraq, onun adını dilimə gətirib ətrafa üfunət saçmaq niyyətində deyiləm.
Vəkil, hüquqşünas adından danışan bir adamın məhkəmə qərarına hörmətsiz yanaşması da hüquq əxlaqına sığmır. Ötən yazılarımın birində Aslan İsmayılovun hüquqa bu cür hörmətsiz yanaşmasını tənqid edərkən antik çağların ən böyük filosoflarından sayılan Sokratdan misal gətirmişdim. Qeyd etmişdim ki, haqqında qanunsuz hökm çıxaracağını bildiyi halda Sokrat məhkəmədən qaçmamış, hakimin edam hökmünün icrasını özü yerinə yetirmişdi. Ona məhkəmədən yayınmaq üçün gizlənmək təklifi edən tələbələrinə isə belə demişdi: “Biz cəmiyyəti qanuna, hüquqa hörməyə çağırırıqsa, bunu ilk növbədə özümüz əyani nümunə göstərməliyik. Bu gün mən haqqımda çıxarılacaq məhkəmə hökmümdən qaçaramsa, sabah kim yazılarıma, təbliğ etdiyim dəyərlərə inanar?”.
Məni “yumurta mafiyasının” əsas adamı kimi, özünü isə təmiz toplum, hüquqi dövlət uğrunda mübarizə aparan şəxsiyyət kimi göstərməyə çalışan Aslan İsmayılov hansı üzlə hakimin qərarına bu qədər sayqısız yanaşır? Bu da azmış kimi video-çıxışında məhkəmə hökmünə uymayacağınız açıq şəkildə bəyan edir. Hüquqa, məhkəməyə hörməti öz əməli fəaliyyətilə ortaya qoymayan Aslan İsmayılov cəmiyyətə nəyi təlqin etmək istəyir – qanuna, dövlət iradəsinə itaətsizliyimi? Hesab edirəm ki, hüquq mühafizə orqanları Sorosun tələbəsinin ortaya qoyduğu əməliylə nəyə nail olmaq istədiyinə layiqli hüquqi qiymət verəcək.
Aslan İsmayılovun video-çıxışında mənim barəmdə irəli sürdüyü ittihamlar da heç bir hüquqi məntiqlə izah edilə bilməz. Bildiyimiz kimi, hüquqda təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var. Bu anlayışa görə, haqqında məhkəmə qərarı olmayan heç bir şəxsi hər hansı cinayət əməlində ittiham etmək qanunaziddir. Üstəlik, bu anlayış müttəhimlər, şübhəlilər üçün də keçərlidir. Yəni, hər hansı ittiham olunan şəxs barədə, cinayətindən əmin olduğun halda belə, məhkəmə qərarı yoxsa, ittiham irəli sürə bilməzsən. Mənim suçsuzluğum barədə isə məhkəmə qərarı var və Aslan İsmayılova məhz təqsirsizlik prezumpsiyasını pozduğuna görə cəza kəsilib. Məhkəmənin bu qərarından belə, heç bir nəticə çıxarmayan Aslan İsmayılov sözügedən video-çıxışında məni ən ağlagəlməz və gülünc cənayətlərdə günahlandırır. Daha sonra isə “mən Mürvət Həsənlidən üzr istəməyəcəyəm” deyir.
Açığını desəm, üzr istəməyi insanoğlunun şərəf və ləyaqətinə aşağılıq gətirəcək hal kimi qəbul etmirəm. Fikrimcə, ancaq ləyaqətli adamlar etdiyi səhvə görə məhkəmə hökmünü gözləmədən qarşısındakından üzr istəməlidir. Bunu bacarmayan ləyaqətsiz adamların üzrü də özləri qədər beş qəpiyə dəyməz.
Bununla belə, mən Aslan İsmayılova özümdən üzr istədəcəyəm. Əvvəla, ona görə ki, bu üzrlə həm hüququn aliliyi, məhkəmənin gücü cəmiyyətimizdə bir daha təsdiq ediləcək.
İkinci ona görə ki, bəzi adamları tərbiyyələndirməyin yolu onlara zorla da olsa, ləyaqət hissi aşılamaqdır. Bu yerdə Şah İsmayıl Xətainin məşhur kəlamı yada düşür: “Kafir zoru görməzsə, gəlməz imana”.
Tramp: “Bayden yəhudilərə və fələstinlilərə nifrət edir”
"ABŞ prezidenti Co Bayden həm yəhudi xalqına, həm də fələstinlilərə nifrət edir". Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu fikirləri...