Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Bakı aeroportunda bir saat yarımlığa
saxlanılıb, ölkəyə buraxılmayıb.
Bu haqda “Turan”a M.Qəhrəmanlı özü bildirib. Onun sözlərinə görə, Berlində keçirilən tədbirdən vətənə dönəndə Bakı aeroportunda saxlanılıb. Ona hər hansı izah verilməyib, pasportu əlindən alınıb. Ölkəyə buraxılmamasının səbəbi izah edilməyib.
Daha sonra M.Qəhrəmanlı Gömrük Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən yoxlanıb. Ona ölkədən çıxarkən üstündə olan nağd pulu – 1500 manatı niyə bəyannamədə qeyd etmədiyi irad tutulub.
Qeyd edək ki, bundan əvvəl M.Qəhrəmanlının qızı, Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanı saxlamaq cəhdləri olmuşdu. M.Əzizova hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun cinayət işində şahid kimi dindirilib. O, həbs ediləcəyindən qorxaraq bir müddət öncə Azərbaycanı tərk edib. Bundan sonra M.Əzizovanın evində axtarış aparılıb, sənədlər və texnoloji avadanlıqlar müsadirə edilib. Daha sonra onun əri və oğlu ölkədən çıxmaq istəyərkən bunun qarşısı alınıb.