Milyonçu xeyriyyəçinin anım günüdür…

66

“Azərbaycan milyonçusu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı Hacı Zeynalabdin Tağı oğlu Tağıyev (25 yanvar 1838, Bakı – 1 sentyabr 1924, Bakı) anım günüdür.
Hacı Zeynalabdin Tağıyev haqqında iri həcmli yazılar yazmaq olar. Düşündüm ki, onun bioqrafiyasından bir neçə maraqlı məqamı paylaşım”.

Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev FB hesabında qeyd edib.

“Xalqın maariflənməsinə köməyi özünün həyat idealı hesab edən bu böyük mesenat və maarifpərvər “Tazə həyat” qəzetində (12.02.1908) çap olunan “Mənim təcrübəmdən” adlı məqaləsində yazırdı: “…Xalqımın maariflənməsi və tərbiyələnməsi zəruriyyətini görərək, mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarifləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən, mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi… tərbiyə (təhsil) ilə bağlıdır…”
Bir gün Bakı varlıları Tağıyevə şikayət edirlər ki, ermənilər şəhərin aşağı məhəllələrində evlər tikdirirlər, tədbir görüb, bunun qabağını almaq lazımdır. Hacı deyir: “Qoy tiksinlər. Qabağını almaq lazım deyil. Mən özüm də onları şirnikləndirirəm ki, tikdirsinlər. Gedəndə heç kəs binaları dalına şələləyib aparmayacaq. Onlar gedəcək, binalar isə qalacaq”…
Bir gün axund hacı Turab hacı Zeynalabdin Tağıyev üçün Quranı oxuyub tərcümə edirmiş. Növbə “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar” sözləri yazılmış ayəyə çatanda Tağıyev soruşur: “Yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar?” Axund cavab verir: “Əlbəttə alar”. Çox keçmədən Azərbaycanda Sovet hakimiyyəti qurulur. Hacının, demək olar, bütün sərvəti bir anda əlindən çıxır. Axundun vaxtilə dediklərini xatırlayan Tağıyev vəsiyyət edir: “Məni axund hacı Turabın ayağı altında basdırarsınız, onun ayağının bildiyini mənim başım bilmir”. Bu vəsiyyətinə əməl edib onu axund hacı Turabın məzarının ayaq tərəfində basdırırlar…
Tağıyev Balkan müharibəsi illərində türklərə pul yardımı göstərmişdir. Birinci Dünya müharibəsində rus qüvvələri tərəfindən işğal edilmiş Türkiyə vilayətlərində erməni quldur dəstələrinin vəhşiliklərinə məruz qalmış müsəlmanlara yardım edilməsində fəal rolu olmuşdur.
Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində “Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi” yaradılıb”.

Şayəstə