Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

2
   Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. Bununla bağlı imza toplanılmasına başlanılıb. Növbədənkənar sessiyanın ilk iclasının avqustun 3-də keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Qeyd edək ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.