Milli Məclisin komitə sədrləri məlum oldu – SİYAHI

5

Altıncı çağırış Milli Məclisin martın 10-da keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.

“Report” xəbər verir ki, Milli Məclis sədrinin yeni birinci müavini, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Əli Hüseynli yenidən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə təsdiqlənib.

Hakim partiyanı təmsil edən deputat Ziyafət Əsgərov yenidən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Milli Məclis sədrinin yeni müavini, Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən deputat Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, bitərəf deputat Zahid Oruc İnsan hüquqları, YAP-çı deputat Tahir Rzayev Aqrar siyasət komitəsinin sədri seçilib.

YAP üzvləri Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov isə Regional məsələlər komitəsinin rəhbəri seçiliblər.

YAP-çı deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hakim partiyadan olan deputat Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri olublar.

YAP-çı deputat Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilib.

YAP üzvü Səməd Seyidov yenidən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olub.

Bitərəf deputat Bəxtiyar Əliyev parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.

Hakim partiyanı təmsil edən deputat Əhliman Əmiraslanov yenidən Səhiyyə komitəsinin sədri seçilib.

Bitərəf deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri olub.

Milli Məclis sədrinin yeni müavini, bitərəf deputat Adil Əliyev Gənclər və idman komitəsinin rəhbəri seçilib.