1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökümətinin iştirakçılarından biri , dövrünün Şairlər Məclisinin görkəmli üzvü Haşim Tərlan noyabrın 16-da 91 yaşında Tehranda vəfat edib. Şair noyabrın 17-də Tehranın “Behşt-i-Zəhra” qəbristanlığında dəfn edilib.
Elchi.az-ın məlumatına görə, o, həyatını Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına həsr edən ziyalılarımızdan olub. “Amerikanın səsi”-nin məlumatiında bildirilib ki, 1923-cü ildə Bakı yaxınlığında yerləşən bir kənddə Güney Azərbaycana, Arazın o tayına köçmüş bir ailədə dünyaya gələn Mirəli Mirəlizadə (Haşim Tərlan) 1945-46 illərdə Seyyid Cəfər Pişəvərinin öndərliyində qurulmuş Azərbaycan Milli Hökümətində iştirak edib.
Həmin illərdə “Vətən Yolu”nda kimi qəzetlərdə yazan ədəbiyyat xadimi milli hökümət devrildikdən sonra da ədəbi yaradıcılıq və demokratik mübarizəsinə davam edib.
Onun bir çox əsəri, o cümlədən “Alavlı şeirlər”, “Durnalar gələndə”, “Araz gülür”, “Yolçu yolda gərək”, “Gümüşü pencək” və “Zirvədə Günəş” kimi kitabları Bakıda və Tehranda işıq üzü görüb.
Gənclər ona Haşim əmi deyərdi. Haşim əmidən “Acılı-şirinli xatirələr” adlı əsər də qalıb. Bu kitabda Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparanların və özünün ictimai-siyasi fəaliyyəti ilə taniş olmaq mümkündür.
O, Azərbaycanda bu şeiri ilə də tanınır:
“… Ulduzları saya-saya insan gedib,çıxar aya.
Mənimsə bu taydan,o taya əlim çatmır sənə, qardaş…”.
Haşim əmi gənc yaşlarında Azərbaycan uğurunda mübarizəyə qoşulub. 1945-1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməi dövründə fəaaliyyət göstərib.
Azərbaycan türklərinin milli haqlarının təmin olunmasını istədiyi üçün həm Məhəmmədrza şah Pəhləvi dövründə, həm də İslam Respublikasında dəfələrlə həbsə məhkum olub.