MİDA güzəştli mənzilləri satışa çıxarır: Aprel hadisəsi təkrarlanacaqmı?

104

Bu ilin aprel ayında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən onlayn şəkildə satışa çıxarılan güzəştli mənzillərin əldə edilməsi prosesi ciddi problemlərlə yadda qaldı. Xatırlatmaq yerinə düşər ki, iddiaçıların satışdan öncə onlayn satışla bağlı proseduru test etməsi üçün bir ay müddətində DEMO versiya aktivləşdirildi. Buna baxmayaraq, güzəştli şərtlərlə mənzilə sahib olmaq istəyən şəxslər üçün bu, heç də asan deyil, bəziləri üçün isə sadəcə mümkünsüz oldu. Prosedur zamanı olduqca diqqətçəkən məqamlardan biri də güzəştli evlərinsatışının cəmi 4 saniyə içərisində gerçəkləşməsi idi. Güzəştli mənzilləri əldə edə bilməyən vətəndaşlar hələ də iddia edirlər ki, sistemə kənar müdaxilələr olur. Onların sözlərinə görə, məhz buna görə də əvvəlcədən müəyyən edilmiş şəxslərdən başqa hər kəs sistemə giriş imkanlarından məhrum olur.

Dünən isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarılıb. MİDA-dan bildirilib ki, mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat11:00-a qədər davam edəcək.

İndi də güzəştli mənzilə sahib olmaq istəyən vətəndaşları düşündürən əsas məqamlardan biri sistemin nə qədər etibarlı olub-olmaması ilə bağlıdır…

Məsələ ilə bağlı Elchi.az-a danışan İT məsələləri üzrə mütəxəssis Pərvin Əsədov bot və digər qeyri qanuni vasitələrlə sistemə müdaxilə edərək mənzil seçə bilən şəxslərin mövcudluğunu təsdiqlədi. Onun sözlərinə görə, həmin şəxslərin kimliyini və sistemə hansı yolla müdaxilə etdiyini MİDA mütəxəssisləri aşkara çıxara bilərlər.

Mütəxəssis bildirdi ki, seçimlərdən öncə vətəndaşların proqramçı, hətta xaker axtarışları hamımıza məlumdur: “İnanmıram ki, yaradılmış sistemdə hələ də captcha (kompüteri və insanı fərqləndirmək üçün test) hissə klassik versiyada qalsın. Həm də bu cür captchaların keçilməsi mümkündür. Lakin hazırda “Google” tərəfindən istifadəyə tamamilə pulsuz verilən captchalar bir növ pazl kimidir. Bunun da proqramlarla keçilməsi asan məsələ deyil. Əlbəttə tam təhlükəsizlik deyə bir şey yoxdur, lakin müxtəlif həllərlə müdaxilələrin qarşısını almaq olar”.

Maraqlıdır, MİDA tərəfindən elektron sistemdə hansısa texniki sazlama işləri, düzəlişlər həyata keçirilibmi? Bundan öncəki satış prosesində baş verən xoşagəlməz halların bir də təkrarlanmaması üçün hansı tədbirlər görülüb?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə əlaqə saxlasaq da, cavab olaraq bildirildi ki, suallarımız yaxın günlərdə cavablandırılacaq.