Tərtər rayon Uşaq Musiqi Məktəbinin direktoru Emin Haqverdiyevin bu vəzifədə saxta diplomla çalışdığı üzə çıxıb.
Aznews.az-a verilən məlumata görə, Emin Haqverdiyev tutduğu vəzifədə ciddi cinayət tərkibli qanunsuzluqlara yol verib, eyni zamanda öz şəxsi marağı üçün musiqi məktəbində adları olan müəllimlərin bir çoxunun əmək haqqı kartlarını özündə saxlayaraq onların pullarını mənimsəyib.
Şikayətlərdən sonra məlum olub ki, o, bu vəzifəyə Müəllimlər İnstitutunun Qazax filialının verdiyi saxta diplomla gəlib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Müəllimlər İnstitunun Qazax filialı isə bu informasiyanı təkzib edib. Qurum Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin bu olayla bağlı göndərdiyi məktuba cavab verib və bildirib ki, Haqverdiyev Emin Vaqif oğlu filiala Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə qəbul olmayıb, adı tələbələr sırasında aşkar edilməyib.
Sayt bu haqda Mədəniyyət və Turizm Nazirliyindən informasiya əldə etmək istəsə də qarşı tərəf onlara sorğu göndərilməsini məsləhət görüb.
İnanırıq ki, Əbülfəs Qarayevin rəhbərlik etdiyi bu qurum saxta diplomla bağlı qalmaqala öz mövqeyini bildirəcək.