Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. XİN başçısının Bakıya işgüzar səfəri 23-24 iyun tarixlərinə planlaşdırılıb. Lavrovun Azərbaycanda mühüm mövzular ətrafında danışıqlar aparacağı bildirilir. Lakin səfərin proqramı hələlik məlum deyil.
Lavrov Bakıya niyə gəlir? Bu yaxınlarda İrəvanda səfərdə olan rusiyalı nazir Azərbaycana hansı təklifləri gətirir?
Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Elchi.az-a açıqlamasında söyləyib ki, rusiyalı nazir ölkəmizə balansı qorumaq üçün səfər edəcək:
“Lavrov bu ay əvvəl Türkiyəyə səfər etdi, oradan İrəvana getdi, indi növbə Bakınındır. Bununla Lavrov guya Ermənistanla Azərbaycan arasında balansı qoruduğuna işarə edir. O, xarici işlər naziri olduğu müddətdə Bakıya dəfələrlə gəlib. Ancaq bu səfərlər faydalı olmayıb. Çünki Kreml əvvəlkitək Cənubi Qafqazı təsiri altına saxlamaq istəyir, bölgə ölkələri ilə bərabərhüquqlu əməkdaşlığı qəbul etmir. Kremlin məntiniqinə görə Cənubi Qafqaz ölkələri xarici və təhlükəsizlik siyasətlərində Rusiyanın maraqlarını nəzərə almalıdırlar”.
Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Kremlin hərbi və diplomatik resurslarını bu istiqamətdə xərcləməyə məcbur edir. Bununla belə Kreml görüntü yaratmaq istəyir ki, Moskva o biri istiqamətləri də unutmur – Cənubi Qafqaz, Mərkəzi Asiya və Suriya onun üçün vacibdir:
“Halbuki, Rusiya bütün bu bölgələrdə qarşısında Türkiyə, Avropa İttifaqı və ABŞ-ı görür, hətta Çin belə Rusiya ilə tərəfdaş olmasına baxmayaraq, Rusiyadan yan keçən nəqliyyat dəhlizi ilə daha çox mal daşımağa başlayıb. Bu vəziyyət Kremli narahat etməyə bilməz. Lavrov Bakıda Ermənistanla sərhəd məsələsini, sülh sazişini və dəhlizin açılmasını müzakirə edəcək. Bu istiqamətlərdə il yarımdır heç bir irəliləyiş yoxdur”.
E.Şahinoğlunun qənaətincə, Lavrov Bakıda ümumi sözlər deyib, geri qayıdacaq:
“Hazırda bölgədə Türkiyə, Avropa İttifaqı və ABŞ fəallaşır. Ankara, Brüssel və Vaşinqtondan Azərbaycana hər həftə rəsmilər və diplomatlar gəlir, əməkdaşlığın inkişafı yollarını müzakirə edirlər. Rəsmi Bakı Türkiyə ilə yanaşı ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bölgənin zəif halqası Ermənistandır. Prezident İlham Əliyevin sözlərinə görə, 10 noyabr bəyanatını yerinə yetirməyən İrəvan Gürcüstanın vasitəçiliyinə də neqativ yanaşır. Halbuki, Cənubi Qafqazın 3 dövləti öz aralarında dialoqa və əməkdaşlığa başlasalar Rusiyanın timsalında vasitəçiyə ehtiyac olmayacaq. Bu isə Kremlin maraqlarına cavab vermədiyinə görə İrəvanın əli ilə sülh quruculuğuna mane olmağa çalışır. Lavrovun səfəri məhz bu siyasətə xidmət edir”.
Yeganə