Koronavirus siqaret çəkənlərə necə təsir göstərir?

1

Siqaret çəkən insanların koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə azdır.

“Report” “Federal Press”ə istinadən xəbər verir ki, koronavirusla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər.

Məlumata görə, Uhan xəstəxanalarının birində müayinə edilən koronavirusa yoluxmuş 140 şəxsdən yalnız 2-sinin siqaret çəkdiyi məlum olub. Bu isə bütün qrupdan 1,4% təşkil edir. Yəni, ilkin nəticələrə görə, siqaret çəkən insanların virusa yoluxma təhlükəsi 20 dəfə azdır.

Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, koronavirusa yoluxma riski zonasında olanlar əsasən şəkər xəstəsi və ürək problemləri olan insanlardır.

“Dünyada bir nömrəli gündəm hadisəsi halına gələn koronavirus (COVID-19) siqaret çəkənlərdə daha ağır fəsadlar törədir.”

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Bahçeşehir Universitetinin tibb fakültəsinin xalq sağlamlığı fundamental elm sahəsinin rəhbəri Melike Yavuz bildirib.

Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirusun ən çox xroniki xəstəlikləri olan, xüsusilə ağciyər problemləri ilə qarşılaşan insanlara təsir etdiyini bildirən M.Yavuz virusun siqaret çəkən şəxslərdə daha ağır fəsadlara yol açdığını vurğulayıb.

O deyib: “Bu virus tənəffüs yollarına təsir edən bir xəstəlikdir. Ağır hallarda tənəffüs çatışmazlığı və hətta ağciyər yetməzliyi ilə nəticələnir. Ölümə səbəb olan da daha çox bu hallardır. Bəlli olduğu kimi siqaret ən çox ağciyərə mənfi təsir göstərir. Bu, insanların siqaret çəkmə müddəti və ağciyərdə nikotinin miqdarına görə dəyişir. Elmi tədqiqatlar onu göstərir ki, siqaretdən vaxtında imtina edildikdə bu risk əhəmiyyətli dərəcədə azalır. Misal üçün 30 yaşdan əvvəl siqaretdən imtina edənlərin ağciyərləri heç çəkməyənlər qədər təmiz ola bilir. Burada vacib olan bu zərərli maddədən istifadəni azaltmaq deyil, məhz ondan imtina etməkdir”.

Siqaretin koronavirus meydana çıxmazdan əvvəl də ölümcül xəstəliklərə yol açdığını deyən M.Yavuz bildirib ki, risk yalnız virusla bağlı deyil, siqaret çəkmə ürək-damar xəstəlikləri və ağciyər xərçəngi kimi bir sıra problemlər də yaradır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 380-ə çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.