Köçəryan: Ermənistan hakimiyyəti peşkadır

37

Nensi Pelosinin səfərinin iki əsas məqsədi var idi – seçki kampaniyası və antirusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyi.
Elchi.az xəbər verir ki, bunu erməni siyasi strateq Karen Köçəryan deyib.
“Bu ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına seçki keçiriləcək. Kaliforniya əhalisinin 40%-i ermənilərdir və Nümayəndələr Palatası heyətinə ermənilərin yaşadığı ştatların konqresmenləri də daxildir. Vaşinqton hər zaman erməni cəmiyyətini rusiyapərəst kimi qiymətləndirib, lakin indi Ermənistanda antirusiya əhval-ruhiyyəsi hökm sürür. Təbii ki, ABŞ bundan istifadə edib təşəbbüsü öz əlinə almağa çalışır. Ehtiyat edirəm ki, Pelosinin gedişindən sonra sərhəddə vəziyyət pisləşər. Amma meydana yeni oyunçular çıxmayacaq – Ermənistan sərhədlərində hələ də Türkiyə, Azərbaycan, İran və Rusiya orduları olacaq. Ermənistan hakimiyyətini vəziyyəti ayıq şəkildə dəyərləndirməyə, hərbi əməliyyatların bərpası təhlükəsini nəzərə almağa, ölkənin maraqlarını supergüclər və tərəfdaşlarla müzakirə etməyə, mövcud münasibətləri pozmamağa çağırıram”, – o bildirib.
O, hazırkı geosiyasi vəziyyəti şahmat taxtası ilə müqayisə edib:
“Ermənistan fiqurlarla oynamaq imkanından məhrumdur və hətta özü də daha çox ehtimal ki, fiqur deyil, peşkadır. Ölkənin hakimiyyət orqanları vəzir ola biləcəklərinə inanan peşkalardır və günahkarları axtarmağa başlayırlar. Ermənistanın vəziyyəti kifayət qədər çətindir, çünki məlum oldu ki, region geosiyasi oyunçuların və maraqların kəsişməsinə çevrilib və biz bu kəsişmənin mərkəzindəyik”.