Prezidentin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransdakı çıxışı yadıma bir əhvalat saldı. Bir tələbə dostumla bir-birimizi daha yaxşı tanımaq üçün əslimiz-kökümüz haqqında çox danışmışdıq. Bir az mübaliğəli görünürdü, şişirtməyə bənzəyirdi.
Təsadüf gətirdi ki, bir dəfə bizə, rayona gedəsi olduq. 93-cü ilin söhbətidir. Mindiyimiz sarı “PAZ” avtobusda bir ahıl kişi gözlərini məndən çəkmirdi. Çox diqqətlə baxırdı. Nəhayət, marağınımı, səbrinimi deyə bilmərəm saxlaya bilməyib soruşdu ki, ay bala, hansı kənddənsən, kimlərdənsən? Dedim bəs filan kənddən, filankəslərdən. Dedi, hə, elə bayaqdan oxşadırdım. Tələbə dostum dialoqumuza diqqətlə qulaq kəsildi. Kişi bir az fikrə gedib, birdən açıldı. Ay bala, bəs sənin baban bizlərə çox yaxşılıq edib, çox adamları aclıqdan qurtarıb və s. Düzü çox utandım. Bir avtobus adam bu ahıl, yaşı 70-i çoxdan keçmiş kişinin danışığına diqqət kəsilmişdi. Dostum acgözlüklə onu dinləyirdi. Elə bil ki hansısa yalanımı tutmaq istəyirdi. Bir saatlıq yol boyu kişi öz zamanında vəzifə sahibi olmuş, amma vəzifəsindən özünə deyil, xalqa xidmət üçün istifadə edən babamın yaxşı əməllərini, insanlara necə qayğı göstərməsini dostuma, həm də avtobusdakılara danışırdı.
Bu hadisəni elə o çıxışdan dərhal sonra xatırladım. Bir anlıq düşündüm ki, nə vəzifə, nə məmur olmaq, nə də ömür əbədidir. Bir gün bunlar hamısı sona yetəcək. Amma əməllər qalacaq. Bəs indiki məmurlar, Prezidentin etimadını doğrulda bilməyənlər özlərindən sonrakılar üçün nə qoyub gedəcəklər?
Mövzu həssas və aktualdır deyə, bu mövzuda çox yazılacaq. Prezidentin “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı xalqın ürəyindən keçənlər idi. Bu konfrans da, o çıxış da hələ uzun müddət yaddaşlardan silinməyəcək. Konfransda insanların məmurlara demək istədiyini dövlət başçısı dedi. İndi bu deyilənlərə əməl etmək qalır. Doğrudan da bir sıra məmurlarla xalq arasında məsafə və anlaşma dövlət başçısı ilə xalq arasında olan məsafə və anlaşma qədər deyil. Məmurlar daha uzaq, prezident isə daha yaxındır. Ruhən də, fiziki mənada da. Məmurların qəbuluna düşmək problem, onların süründürməçiliyi ilə qarşılaşmaq, unutqanlıq az qala adi həyat normasıdır. Bəzən adam aylarla, illərlə kiminsə qəbuluna düşməyi gözləyənlərlə, ən sadə problemini məmur laqeydliyi ucbatından həll edə bilməyən saysız-hesabsız vətəndaşlarımızla qarşılaşır. Elə məmur var ki, onlarla görüşmək, yaxud onlarla hansısa problem həll etmək kosmonavt olmaqdan daha çətindir.
İndən belə necə olacaq? Eyni hal, eyni yanaşma davam edəcək, yoxsa dəyişiklik olacaq? Kim necə işləyəcək? Suallar çoxdur. Amma insanlarda ümid yarandı ki, köklü dəyişiklik olacaq. İndiyə qədər qəbul gözləyənlərin arzusu bir anın içində baş tutacaq, məmurların bir növ saymazyanalıq təsiri bağışlayan hərəkətləri sona yetəcək və xalq məmurların fəaliyyətində əsaslı dəyişikliyin şahidi olacaq.
Bundan artıq daha necə deyilməlidir ki, məmurlar onlara tapşırılan işi, göstərilən etimadı layiqincə yerinə yetirsinlər? Ən kəskin, ən sərt, ən ibratamiz formada deyildi ki, gedin, işləyin.
Prezidentin məmurlara xəbərdarlığını həm də tövsiyə kimi qəbul etmək olar: “Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim…Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”. Bundan böyük nə tələb, hansı məsləhət ola bilər? Bundan kəskin necə ifadə etmək olar ki, işləmək, özü də xalqa işləmək lazımdır. Məmurların bunun fərqində olması zamanı çatıb. Həm mənəvi, həm hüquqi, həm də məsuliyyət baxımından. Çünki insanları incidən onlar olur, narazı düşənlər isə prezidentdən inciyir. Buna son qoymağın zamanıdır. Müşahidələrimə görə deyirəm ki, Prezident İlham Əliyevin səmimiyyətinə əhalinin çox böyük əksəriyyəti inanır. Amma bəzi məmurlar öz fəaliyyəti ilə bu inama kölgə salır.
Prezident açıq şəkildə məmurlara tapşırıq verdi ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır…”
Daha nə istəyirsiniz ki? Sizi vəzifəyə təyin edən, etimad göstərən Prezident tapşırdı ki, insanların sosial problemlərindən tutmuş iş yerlərinin tapılmasına qədər kömək edin, qoy sizdən razı qalsınlar. Çünki mülkiyyət formasından asılı olmayaraq, işəgötürənlər də məmurları eşidir, nəinki adi vətəndaşların bacarığını qiymətləndirir. Təkəbbür, yekəxanalığın faydası nədir ki? Gərək hamısını sizlərə prezident deyə sonra.
Təbii ki, öz işini bilənlər də, cavabdeh olduğu sahəni layiqincə təmsil edən məmurlar da, xalqın, insanların razı qaldığı dövlət qurumları da var. “ASAN” xidmətdən kiminsə narazı qaldığını eşitməmişəm hələ. Yaxud QHT-lərə Dövlət Dəstəyi Şurası, ya Gənclər Fondu. Adminstrasiyanın şöbələri və s. Amma çoxluğun belə olmasını istərdik.
Axı nə vəzifə, nə titullar əbədidir. Əbədi olan əməllərdir, etimadı doğrultmaq, xalq xidmət etməkdir.