“Qarabağda separatçılığın baş qaldırması, Ermənistanda azərbaycanlılara qarşı sonuncu etnik təmizləmə və Qanlı Yanvar-Qorbaçovun adı gələndə ilk növbədə bunlar yada düşür. Çünki hər üç olayın baş verməsində keçmiş SSRİ-nin rəhbəri kimi onun günahı və hətta rolu vardı.
İndi keçmiş Dağlıq Qarabağın statusu hardadırsa, o da oradadır”.
Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev Feysbuk hesabında bildirib.
“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti cənab İlham Əliyevlə növbəti Brüssel danışıqları ərəfəsində bu cür “xidmət”ləri olan adamın ölümündə bir rəmzilik görüb ona da uyğun hərəkət etməlidir. Edəcəkmi? Açığı mən elə də nikbin deyiləm. Ona görə nikbin deyiləm ki, Qorbaçovu az öncə xatırlatdığım cinayətlərin törədilməsinə göz yumduran və təhrik etdirən çevrələr yenə də öz amplualarındadırlar. ABŞ və Fransadakı həmən çevrələrin Paşinyan üzərində də təsirləri az deyil.
Amma indi Azərbaycanın cənab İlham Əliyev kimi qüdrətli, qətiyyətli lideri və müzəffər ordusu var. Biz ABŞ və Fransadakıların təhdidlərinə, molla rejiminin onları əl altdan dəstəkləməsinə, digərlərinin maneçilik törətmək üçün çox oyunlardan çıxmalarına rəğmən torpaqlarımızı düşməndən necə təmizlədiksə, belə bir lider və orduyla beynəlxalq normalara dayanan bütün istəklərimizi o cür reallaşdıracağıq. Qorbaçov dönəmində baş qaldıran hay xülyaları da indi o, hardadırsa, orda olacaq”.
Yeganə