Kəlbəcər dağında ucaldılmış “dəmir yumruq” yekəbaşı hər an partlada bilər!

11

Son günlər müxtəlif sosial şəbəkələrdə, həmçinin bəzi media orqanlarında Azərbaycan Ordusu, həmçinin Müdafiə Nazirliyi adından təsdiqini tapmamış dezinformasiyalar yayılır. Ordumuzla bağlı yayılması və paylaşılması qadağan olunan məlumatlar paylaşmaq düşmənə xidmətdən başqa bir şey deyil. Yayılan əsassız informasiyaların sayı-hesabı yoxdur. Hamımız bilməliyik ki, bu informasiyalarla biz hərbi sirrimizi düşmən üçün “güzgü”yə çeviririk.

44 günlük Vətən müharibəsində Ordumuz Azərbaycan xalqına son 2 əsrdə qazanılmayan qələbəni nəsib etdi. Azərbaycanımızın şanlı keçmişinə, tarixinə nəzər salsaq, aydın olar ki, sonuncu dəfə vahid Azərbaycanı Əfşarlar qurub, o tarixdən sonra hissə-hissə torpaqlarımız parçalanıb, yaddelli işğalına məruz qalıb. Ordumuz bu qələbəni qazanmaqla tarixi ədaləti bərpa etdi.

44 günün içində ordumuzun qazandığı qələbə, keçdiyi uğurlu hərbi əməliyyat bu gün ABŞ-ın hərbi məktəblərində öyrədilir. Ən müasir silahlarla, texnikalarla təchiz olunan Azərbaycan Ordusu Ali Baş Komandanın verdiyi istənilən hərbi əməliyyat tapşırığını həyata keçirməyə tam hazırdır. Heç kimə sirr deyil ki, tarixi Zəfərdən sonra azad Qarabağda bir neçə hərbi briqadalar yaradılıb və yaradılması üçün işlər aparılır.

Bu günə kimi bəziləri üçün qaranlıq qalan Şuşa zəfəri… Bəli, bu ayrı bir dastandır. Dağları aşaraq, meşələri keçərək, yeriməsi mümkün olmayan yerdən yol çəkərək Şuşaya çatan, orda Vaqifi, Bülbülü, Natavanı, Xan əmini, Azərbaycan mədəniyyətini azad edən Azərbaycan Ordusu! Təlaş, həyəcan, qeyri-dəqiq və əsassız videoları yayanlar, nə tez unutdunuz bu tarixi zəfəri?!

Hazırda Qarabağ adlı bir münaqişə yoxdur. Prezident İlham Əliyevin sözü ilə desək, “Dağlıq Qarabağ münaqişəsi həll olunub. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat bunu təsdiqləyir. Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir”.

Xalqımız tarixən öz iradəsi ilə seçilib. Bu gün hamımız eyni anda sadiq olsaq, yeni uğurlar əldə edərək xalqımızı uğurlu gələcəyə apararıq.
Kəlbəcər dağında ucaldılmış “dəmir yumruq” hər an yekəbaşı partlada bilər.

Bir olaq!. Güclü olaq!.
Gücü ilə tayı bərabəri olmayan “dəmir yumruğu” daha da möhkəm tutaq!.

Rəhimzadə Fərahim, Bakı Dövlət Universiteti “Jurnalistika” fakültəsinin tələbəsi.