“Mixail Qorbaçov 92 yaşında dünyasını dəyişib. Azərbaycanda 1990-cı il 20 yanvar faciəsinə və Dağlıq Qarabağdakı erməni separatizminin alovlanmasına şərait yaratdığına və ya qarşını ala bilmədiyinə görə sevilməyib, hansı siyasi qütbdə olmasından asılı olmayraq bütün azərbaycanlılar tərəfindən lənətlənib”.
Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:
“Amma o, dünyanın siyasi xəritəsini dəyişən, Sovet İttifaqının labüd süqutunu sürətləndirmiş şəxs kimi xatırlanır. Dünən yubileyini qeyd etmədiyimiz müstəqillik bəyannaməsi belə ozamankı Azərbaycan hakimiyyətinin Qorbaçova qarşı demarşı kimi meydana çıxmışdı. Daha doğrusu, Qorbaçov-Yeltsin cütlüyünün QKÇP qiyamını yatıraraq qalib gəlməsindən sonra qiyama qarşı açıq əks mövqe tutmamış yerli siyasi elitadan qisas alınma ehtimalının olması ozamankı rəhbərliyi müstəqillik barədə ilk hüquqi aktın parlamentdə təsdiqlənməsini tezləşdirməyə məcbur etmişdi.
İstəsək də, istəməsək də, bugünkü dünya xəritəsi, Sovet imperiyasının, sosialist düşərgəsinin yerində yeni dövlətlərin meydana gəlməsi həm də onun “xidmətləri”nin nəticəsidir. Sovet İttifaqı onsuz da dağılacaqdı, yarandığı gün dağılma mexanizmi də işə düşmüşdü. Bu işi sürətləndirdiyinə görə bütün mütərəqqi bəşəriyyət kimi biz də onu minnətdarlıqla yad edir , amma o prosesi qanla, qada ilə, etnik münaqişələri qızışdırmaqla apardığına görə lənətləyirik. Tanrı bizə o, başladığı işin məntiqi sonunu görməyi də nəsib etsin”.
Yeganə