“İsrail şirkətləri Qarabağın bərpasında iştirak edə bilər” – XİN rəhbəri

1
 “İsrail şirkətləri Qarabağın bərpasında iştirak edə bilər” -  XİN rəhbəri

Vətən müharibəsi dövründə Azərbaycan İsrail cəmiyyətinin səmimi dəstəyini gördü. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İsrael Hayom”a müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan İsrailin Ermənistan tərəfindən müharibə zonasından uzaqda yerləşən və 33 azərbaycanlı mülki şəxsin həyatına son qoyan Gəncə şəhərinə etdiyi barbar raket hücumlarının qurbanlarına göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir.

Azərbaycan əsilli israillilər Ermənistanın təcavüzünə etirazlarını nümayiş etdirmək və həmrəylik bildirmək üçün yürüşlər təşkil etdilər.

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən İsrail istehsalı olan yüksək texnoloji və yüksək dəqiqlikli silahlardan, xüsusilə pilotsuz təyyarələrdən məharətlə istifadə edilməsi hərbi qələbənin əldə olunmasında mühüm rol oynadı. Əminəm ki, ikitərəfli əlaqələrimiz daha da möhkəmlənəcək və dərinləşəcək”.

İsrailin Dağlıq Qarabağın bərpasında iştirak edəcəyi ilə bağlı suala gəlincə, XİN rəhbəri bildirib ki, artıq müharibədən sonrakı dövrə qədəm qoymuşuq. İndi əsas prioritetlər arasında azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır.

“Dost ölkələrin və tərəfdaşların reabilitasiya prosesində iştirakını məmnuniyyətlə qarşılayırıq. Əlbəttə ki, İsrail şirkətləri də bu prosesə qoşula bilər. İş yükü çoxdur. Bura minaların təmizlənməsi, infrastrukturun qurulması, ağıllı şəhər və kəndlərin yaradılması daxildir, ancaq bunlarla məhdudlaşmır”.

Nazir, həmçinin vurğulayıb ki, yüzlərlə şəhər və kəndi özündə birləşdirən Azərbaycanın azad edilmiş ərazilərindəki dağıntı miqyasını təsvir etmək çətindir. Demək olar ki, bütün mədəniyyət abidələri və dini yerlər, xəstəxanalar, məktəblər və yaşayış binaları talan olunaraq, yerlə yeksan edilib.

“Bir çox hallarda üzərində bayraq qaldırmaq üçün həmin ərazilərdə salamat bina belə qalmayıb. Bütün azad edilmiş ərazilər minalar və partlamamış hərbi sursatlardan əziyyət çəkir. 20% -ə qədər meşələr qəsdən məhv edilib. Onilliklər boyu Ermənistan yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmasının qarşısını almaq üçün hər şeyi etdi. Lakin biz bu əraziləri yenidən qurmaq, bərpa etmək əzmindəyik. Dinc həyat azad edilmiş ərazilərə qaytarılacaq”.