Qüdrət
Həsənquliyev: “Sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam
etdirilməsinə və demokratiyanın genişləndirilməsinə dəstək vermək
olmalıdır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət
Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi
İslahatlar dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki
rolu əhəmiyyətli dərəcədə genişlənəcək
– Qüdrət
bəy YAP-ın icra katibi Əli Əhmədovun parlament seçkilərinin vaxtında
keçiriləcəyi barədə açıqlama verməsinə baxmayaraq bu barədə fikirlər hələ də
dolaşmaqdadır.Siz necə düşünürsünüz növbədənkənar seçkilər keçirilə bilərmi və
bunun hüquqi mexanizmi varmı?
– Hüquqi baxımdan bu mümkündür. Konstitusiyanın 87-ci maddəsinin 3-cü
bəndinə görə Milli Məclis 83 deputatının səlahiyyətləri təsdiq olunarsa
səlahiyyətlidir. Əgər YAP iqtidar partiyası kimi növbədənkənar seşkilərin
keçirilməsini zəruri hesab edib deputatlarına istefa verməyi tövsiyyə
edərsə və onların istefasından sonra MM-in 83-dən az deputatı qalarsa
Prezident növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir. Məsələnin
siyasi aktuallığına gəldikdə isə biz buna xüsusi ehtiyac görmürük, amma iqtidar
tərəfindən belə qərar qəbul olunsa onu dəstəkləyəcəyik.
Biz ölkədə yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməsini və növbəti
seçkilərin proporsional seçki sistemi əsasında keçirilməsini daha zəruri və
məqsədəuyğun hesab edirik.
– Yeni Konstitusiyada proporsional seçki sistemindən başqa daha hansı dəyişikliklər
nəzərdə tutula bilər?
– Ölkənin 2025-ci ildən parlamentli respulika modelinə keçirilməsi nəzərdə
tutula bilər. Yox, hakim partiya buna getməyəcəksə, o zaman Nazirlər Kabineti
ləğv olunmalı, bir vitse prezident vəzifəsi saxlanılmalıdır. Çoxpartiyalı
sistemin inkişafı və parlamentdə fraksiyaların olması üçün Konstitusiyaya belə
bir müddəa salınmalıdır ki, parlamentdə partiyaların sayı 3-dən və topladıqları
səsdən asılı olmayaraq müxalifət partiyalarını təmsil edən deputatların sayı
30%-dən az ola bilməz. Bu normanın tətbiqi qaydası Seçki Məcəlləsi ilə
tənzimlənə bilər. Bundan başqa, Konstitusiyaya Milli Məclisin səlahiyyətlərinin
artırılması və məhkəmə hakimiyyətinin gücləndirilməsinə dair yeni normalar
əlavə olunmalıdır.
– Qüdrət bəy hansı faktor iqtidarı növbədənkənar seçkilərin keçirilməsinə sövq
edə bilər?
– Bizim bütün tənqidlərimizə baxmayaraq Azərbaycan güclənir və aparılan
islahatlar bizi daha da güclü edəcək. Bunu bizim düşmənlərimiz də görür və bu
onları çox ciddi narahat edir. Onlar Azərbaycanın müharibə yolu ilə
torpaqlarını azad edəcəyindən, regionda daha nüfuzlu və cazibədar bir ölkəyə
çevriləcəyindən qorxurlar. Ona görə də ölkəni on illərlə geri atmaq üçün xarici
güclər əlaltılarının vasitəsilə sabitliyi pozmağa cəhd edə bilərlər. Uyğun
zaman isə seçkilər dövrüdür. Etiraf etməliyik ki,sonuncu növbədənkənar
prezident seçkiləri daxili və xarici pozucu qüvvələrin planlarını alt-üst
etdi.O zaman bəzi şəxslər xeyli aktivləşmişdi. Səfirlərlə görüşlər, ictimai
rəyə təsir edə biləcək şəxslərə pul və bahalı hədiyyələrin paylanması geniş
vüsət almışdı. Düşünürdülər ki, növbəti prezident seçkilərində sabitlik
pozulacaq və “dəmir ələ” ehtiyac yaranacaq, onlar da gəlib ermənilərin
maraqlarına tam uyğun olaraq, onların xaricidən dəstəyi ilə buranı Türkmənistan
edəcəklər. Bu kimi acı təcrübə növbədənkənar seçki qərarının verilməsini
şərtləndirə bilər.
– Hazırda da belə bir plan ola bilərmi?
– Düşmənlər və
hakimiyyət naminə hər şeyə hazır olan insanlar həm iqtidarda, həm müxalifətdə həmişə fəaliyyətdə
olacaqlar. Son
vaxtlar iqtidardakı bacarıqlı və prezidentə sadiq məmurlara qarşı əsassız
gözdənsalma kompaniyası bunun əlamətləridir. Onların planlarını pozmaq isə hər
bir vətənpərvər insanın, iqtidardakı sağlam qüvvələrin, xüsusilə Prezidentin
borcudur. Güc strukturlarındakı son dəyişikliklərdən sonra daxildəki pozucu
qüvvələr aktiv fəaliyyətə keçməzdən öncə bir daha düşünməli olacaqlar.
– Qüdrət bəy,
qeyd etdikləriniz iqtidarı islahatlardan çəkindirməz ki?
– İslahatlar
günün tələbidir.Prezident də söyləyib ki,idarəetmə təkmilləşdirilməli,i slahatlar dərinləşdirilməlidir. Bir qayda olaraq
aşağıların təzyiqi ilə aparılan islahatlar effekt vermir, ölkə xaosa
sürüklənir. Ona görə də mən iqtidarı həmişə çağırıram ki, yuxarıdan islahatları
həyata keçirsin. İqtidar zamanı əldən verirsə və xalq iqtidarı məcbur edirsə
ki, islahatlar aparsın o zaman uğurlar belə iqtidarın ayağına yazılmır və
növbəti tələblər irəli sürülür. Bunun nəticəsində isə mütləq və mütləq sabitlik
pozulur. Düşünmürəm ki, hakimiyyət bunu bilməsin. Ona görə də islahatlar
genişlənəcək.
– Qüdrət bəy parlament seçkilərində müxalifətin seçkiləri udmaq şansı varmı?
– Azərbaycanda vətəndaşlarımız siyasi baxımdan fəal deyil, müxalifət çox
zəifdir. Sistemdən kənar müxalifət əsasən xaricdən idarə olunur və onlar yalnız
hakimiyyətdə kiminsə maraqlarının təmin olunmasında katalizator rolunu oynaya
bilər. Parlament müxalifəti isə indiki şərtlər altında yalnız növbəti
parlamentdə fraksiyalar yaratmaq imkanları uğrunda mübarizə apara bilər. Düşünürəm
ki, sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə
və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır. İslahatlar
dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu
əhəmiyyətli dərəcədə genişlənəcək. Sözsüz ki, hansısa mərhələdə müxalifət
seçkiləri udacaq, partiyalar hakimiyyətdə bir-birini əvəz edəcəklər. Bunun üçün
bizə zaman lazımdır.