İranın paytaxtı Tehranda səfərdə olan Baş prokuror Kamran Əliyev bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Müntəziri ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
“Əgər iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə sisteminə müsbət təsir göstərəcək. Münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, qanun pozuntusu da (hər iki ölkə vətəndaşları tərəfindən) olur və biz bu səfər zamanı məhkəmə orqanları ilə də görüşəcəyik və problemlərin həlli yolu hazırlanacaq”, – Azərbaycanın Baş prokuroru vurğulayıb.
K.Əliyev bildirib ki, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır:
“Azərbaycandakı bir sıra iranlı məhbusun narkotiklə bağlı cinayətləri var və onlar ekstradisiya müqaviləsi əsasında ekstradisiya oluna bilər və 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır”.
Kamran Əliyev məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşının İrana qaçdığını qeyd edib:
“Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”.
Daha sonra baş prokuror həmin şəxslərin adlarını qarşı tərəfə təqdim edib.