Laçın azad edildikdən və Laçın dəhlizində sülhməramlıların missiyası başlayandan ərazidə qalan ermənilər təşviş keçirirlər.
Onlar şəhərin və özlərinin statusunun müəyyən edilməsi üçün bu gün İrəvanda aksiya keçiriblər.
Elchi.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Aksiyaçılar bildiriblər ki, müharibə dövründə erməni əhali şəhəri və kəndləri tərk edib. Əraziyə sülhməramlılar nəzarət etdikdən sonra onlar geri qayıtmaq istəyirlər, ancaq nə olacağını bilmədiklərindən qərar verə bilmirlər.
“Biz statusumuzu başa dümürük. Gah deyirlər Laçın ermənilərindir, gah deyirlər ki, ermənilərin deyil. Gah deyirlər qayıdın, gah deyirlər qayıtmayın. Bizə izah etsinlər ki, nə baş verir, biz də işimizi bilək”,- deyə aksiyaçılardan biri bildirib.
Aksiyaçılar bildiriblər ki, şəhər artıq tam boşalır, orada maksimium 10 erməni qalıb: “Laçın şəhərində heç bir infrastruktur işləmir, həmçinin ətrafdakı kəndlərdə. Əgər Laçın şəhəri bizimdirsə, niyə hakimiyyət bu barədə bizə heç nə demir? Əgər şəhər ermənilərdə qalırsa, o zaman niyə heç bir infrastruktur Xankəndidəki kimi işləmir? Azərbaycan ordusu 2 km məsafədə dayanıb. Rus sülhməramlıları təhlükəsiz hərəkəti təmin edir, amma bu kifayət deyil. Bizim statusumuzu müəyyən etsinlər”.
Xatırladaq ki, üçtərəfli bəyanata əsasən, Laçın 1 dekabrda Azərbaycana qaytarılıb. Ancaq Laçın şəhəri və yaxınlıqdakı bir neçə kənddə Rusiya sülhməramlıları var. Laçın dəhlizinə alternativ olan yeni yolun çəkiləcəyi və sənəddə göstərildiyi 3 il müddətindən daha tez təhvil veriləcəyi gözlənilir.