Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycanda keçirilən “Türkiyə həftəsi” çərçivəsində “Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib. ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, konfransda rektor Ədalət Muradov bildirib ki, Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin səviyyəsi həm xarici siyasətdə, həm investisiyaların həcmində, həm də birgə yaradılmış müəssisələrin dinamikasında özünü göstərir. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyanın əsas hissəsi məhz Türkiyə mənşəlidir.
Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Adnan Yılmaz isə Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün əhəmiyyətindən danışıb.
Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müstəşar müavini Zafer Benli Transanadolu qaz kəməri (TANAP) layihəsinin əhəmiyyətini vurğulayıb: “Azərbaycanla Türkiyə Cənubi Qafqazla Avropanı birləşdirəcək enerji dəhlizi yaradırlar”.
Konfrans müzakirələrlə davam edib. İştirakçılar tələbələri maraqlandıran sualları cavablandırıblar.