Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayevə təbrik məktubu göndərib.
Elchi.az məktubun mətnini təqdim edir:
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Son dövrlərdə qardaş Özbəkistan Sizin rəhbərliyiniz ilə böyük inkişaf yolu keçmişdir. Dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi yüksəlişi, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli fəaliyyəti və dünya miqyasında nüfuzunun gündən-günə artması Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz nəticəsində mümkün olmuşdur.
Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələri xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlanır. Bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur. Eyni zamanda, beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istəyirəm.
Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
***
Prezident İlham Əliyev Slovakiya Prezidenti xanım Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli xanım Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim rifah və firavanlıq diləyirəm”.
***
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan Respublikası ölkənizlə İslam həmrəyliyi, qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Ötən onilliklər ərzində ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.
Bu gün aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır. OPEC+ çərçivəsində işbirliyimizin səviyyəsi təqdirəlayiqdir. Eyni zamanda, bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyəti bizi sevindirir. Dost ölkənizin “Masdar” şirkəti tərəfindən “Qaradağ Günəş Elektrik Stansiyası”nın inşası iqtisadi əlaqələrimizin şaxələndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişlənməsinə nail olacağıq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Birləşmiş Ərəb Əmirliklərinin xalqına daim rifah və firavanlıq diləyirəm.