Moskvada baş vermiş atışmada Azərbaycandan ezamiyyətə getmiş jurnalist güllələnib.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, hadisə bu gün Moskvanın şimal-şərqindəki yay kafelərindən birində baş verib. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, kafedə oturan üç nəfər arasında mübahisə yaranıb, mübahisə zamanı onlardan biri tapançanı çıxararaq opponentlərini güllələyib. Nəticədə güllələnənlərdən biri hadisə yerində ölüb, digəri ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə ölən şəxs jurnalistdir və Azərbaycandan gedibmiş. Hüseynov F. Adlı həmin jurnalist Novqorod vilayətində nəşr olunan “Diaspora” qəzeti ilə əməkdaşlıq edirmiş. Onun yoldaşı, 57 yaşlı Bəşərov M. də jurnalistdir və sol çiyni ilə əlindən yaralanıb. Hər iki jurnalistin Moskvaya Azərbaycan xalq festivalına ezamiyyətə getdiyi bildirilir.
Hazırda polis onları güllələyən şəxsi axtarır. Onun kimliyi məlum deyil, bildirilir ki, cinayətkar açıq mavi rəngli köynəkdə və açıq rəng çalvarda olub. Boyu 165-170 santimetrdir.