Ölkəmizdə səfərdə olan Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) nümayəndə heyətinin üzvləri cənab Oliver Money-Kyrle, Adrien Collin və digər şəxslər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında qəbul edilib. Aparatdan SİA-ya veriən xəbərə görə, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri M.Ələsgərli qonaqları müşaiyət edib.
Adrien Collin ölkəmizə səfərin məqsədini açıqlayıb, fəaliyyətlərinin media mühiti, jurnalistlərin əmək və təhlükəsizlik şəraiti barədə araşdırmalar aparılmasına yönəldiyini diqqətə çatdırıb.
Görüş zamanı Ombudsman Aparatının rəhbəri Aydın. Səfixanlı qonaqlara son illər ölkəmizdə KİV-in inkişafı, informasiya əldə etmək, söz və ifadə azadlığı sahəsində görülən işlər barədə geniş məlumat verib.
Qonaqlara Ombudsmanın mandatı, səlahiyyətləri barədə məlumat verilib. “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində Azərbaycan Ombudsmanına “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyasının da həvalə edildiyi vurğulanıb, Müvəkkilin bu istiqamətdə fəaliyyəti diqqətə çatdırılıb.
Qeyd edilib ki, Ombudsmanın mandatının genişləndirilməsi, ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar olaraq, E. Süleymanova təsisatda KİV təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə məsləhətləşmələr keçirib.
Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilib “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramının (MFP) həyata keçirilməsinin əlaqələndirilməsi və monitorinqi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərliyin Ombudsmana tövsiyə edildiyi, onun təşəbbüsü ilə ölkənin hər bir rayonunda millət vəkillərinin, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT, KİV və icma nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin keçirildiyi nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Eyni zamanda sözügedən MFP-nin 2.22-ci maddəsində KİV üçün fikir və ifadə azadlıqlarının həyata keçirilməsi ilə bağlı təlimlərin təşkil edilməsinin nəzərdə tutulduğu, ötən müddət ərzində bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyi, habelə ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edildiyi, elektron hökumətə keçidlə bağlı mühüm addımların atıldığı vurğulanıb.
Görüşdə iştirak edən Aparatın şöbə müdiri Z.Əliyev və Mətbuat xidmətinin rəhbəri Z. Məhərrəmli Müvəkkilin ictimaiyyətlə və KİV-lə səmərəli əlaqələri, jurnalistlərin hüquqi biliklərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, hüquq mövzusunda yazan media təmsilçilərinin qatıldığı ənənəvi müsabiqələr, həmçinin müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı Ofisi ilə birgə respublikamızın müxtəlif bölgələrində təşkil olunmuş maarifləndirici seminarlar barədə də qonaqlara geniş məlumat veriblər.
Görüşdə qonaqların media hüquqları, o cümlədən jurnalistlərin əmək hüquqlarının müdafiəsi, müvafiq həmkarlar ittifaqları ilə iş və digər sualları cavablandırılıb.
Qonaqlar səmərəli görüş və fikir mübadiləsinə görə təşəkkür edib, Müvəkkilin çoxşaxəli fəaliyətini müsbət qiymətləndiriblər.
Görüşün sonunda qonaqlara “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramının nüsxələri və Müvəkkilin illik məruzələrindən ibarət disk təqdim edilib.