Neftçalanın icra başçısı İsmayıl Vəliyev 20 yanvar əlili olan Məhəmməd Fərziyevə aid bazar haqqında son sözünü söyləyib.
O müavini Əlkömək Babayev və rayon sanitar epidemioloji stansiyasının bazar üzrə məsul nümayəndəsi Mələk Hüseynovaya bazarın qısa zamanda bağlanması barədə təlimat verib.
Bu haqda Avropa.info-nun redaksiyasına bazarın sahibi M. Fərziyevin qardaşı Zakir Fərziyev məlumat verib.
O bildirib ki, icra başçısı İ. Vəliyev adıçəkilən şəxslərə hansı yolla olursa olsun bazarın bağlanmasını təmin etmələrini söyləyib və bazarın bağlanmayacağı təqdirdə onları işdən çıxaracağını söyləyib.
İcra başçısının müavini Ə. Babayev və M. Hüseynova da təlimata uyğun olaraq bazar sahibinə böhtan ataraq onu polisə şikayət ediblər.
Əvvəllər də qeyd etdiyimiz kimi təqaüddə olan M. Hüseynova polisə gələrək M. Fərziyevin bir meçə şəxslə gələrək onun üstünə bıçaq çəkdiyini və hədə-qorxu gəldiyini bildirib.
Z. Fərziyev qardaşının məsələylə bağlı Neftçala rayon polis idarəsinə çağırıldığını söyləyib.
Z. Fərziyevin sözlərinə görə M. Hüseynova özü də istəməyərək M. Fərziyevi şərləməyə məcbur edilir. Çünki icra başçısı Ə. Babayevə və ona bazarı bağlayıb işçiləri özünün tikdirdiyi yeni bazara köçürmək üçün vaxt qoyub.
Onu da qeyd edək ki, uzun müddətdir Neftçala rayon icra başçısı İ. Vəliyev rayonda yeni balıq bazarı tikdirdiyindən öz bazarını işə salmaq üçün rəqib bazarı sökdürmək qərarına gəlib.
Zərərçəkənin sözlərinə görə İ. Vəliyev vəzifəsindən sui-istifadə edərək, rəqib bazara hər cürə təzyiq göstərməklə bu günə kimi həmin bazarın işçilərinin 95 %-ni öz bazarına cəlb etməyə nail olub.
İcra başçısı prezident İlham Əiyevin fərmanı ilə 20 yanvar əlilləri üçün ayrılan 200 manat məbləğindəki müavinəti də M. Fərziyevə verməyib.
Bu günə kimi M. Fərziyevin sahibi olduğu bazarı bağlamaq üçün müxtəlif üsullardan istifadə olunub. Bazarda işləyənlər gah polis əməkdaşlarının basqınına uramış, gah da onlara qarşı rayon sanitar epidemioloji stansiyası tərəfindən cərimə tətbiq olunmuşdur.