Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2014-cü ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Samir Nuriyev açıb.
İlk növbədə o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İçərişəhər” DTMQ-nin aparatının və qurumlarının bir sıra əməkdaşlarının medal və fəxri adlarla təltif edilməsi münasibətilə iştirakçıları təbrik edərək müvafiq fəxri diplomları və döş nişanlarını təltif olunanlara təqdim edib. Təltif olunan əməkdaşlar əməklərinin yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirib, bundan sonrada çalışdıqları sahələrdə layiqincə fəaliyyət göstərəcəklərini vurğulayıblar.
Bundan sonra İdarə rəisi 2014-cü ilin birinci yarımilliyində İdarənin əsas fəaliyyət istiqamətləri – memarlıq abidələrinin mühafizəsi və bərpası, turizm infrastrukturunun təkmilləşdirilməsi, habelə “İçərişəhər” və “Qala” Qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması məqsədilə həyata keçirilmiş işlərdən danışıb.
İclasda daha sonra İdarənin bir sıra rəhbər şəxsləri hesabatları ilə çıxış edərək müvafiq sahələr üzrə 2014-cü ilin birinci yarımilliyində görülmüş işlərdən danışıblar.
İclasın yekun nitqində İdarə rəisi cənab Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2014-cü il, habelə növbəti illər üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edib. “İçərişəhər” və “Qala” qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan İdarə rəisi bildirib ki, 2014-cü ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiyası işləri İdarənin əsas prioritetləri kimi qalmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı, mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu İdarə rəisi tərəfindən xüsusi vurğulanıb.
Sonda İdarə rəisi tərəfindən İdarənin tabeliyindəki qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.