Redaksiyamıza bir qrup tələbə adından şikayət məktubu ünvanlanıb. DİA.AZ-a yazan narazı tələbələr bildirir ki, Azərbaycanın ən çox korrupsiyalaşmış və rüşvətin tücyan etdiyi təhsil ocaqlarından biri Qərb Universiteti olsa da, amma bu barədə hər kəs susur, çünki Qərb Universitetinin rektoru Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun yaxınıdır.
DİA.AZ-a yazan tələbələr deyir:
«Ümumiyyətlə, bu universitetdə sistem çox ağıllı qurulub. Yəni, tələbəyə qarşı edilənlər, pul qığımı universitetin daxili qaydalarına uyğun həyata keçirilir. Tələbə bir qədər etiraz etsə, ona qaydalar bir daha xatırladılır və xaric edilməsi üçün ciddi əsasların olması göstərilir.
Belə ki, Ekoloğiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun nəzatərində olan bu universitetdə tələbələrə qarşı edilən haqsızlıqları heç yerdə görmək mümkün deyil. Əsasən qiyabi təhsil alan tələbələrə edilənlər sadəcə şok yaradır.
Bir imtahandan kəsildinsə işin bitdi. Kəsirlər ardıcıl olaraq davam etdirilir və tələbə çıxılmaz hala salınır.
Növbəti semestr imtahanlarında tələbəyə əlavə pul ödətdirilir və yenidən kəsirin olan fənnlə bağlı fərdi şəkildə dərsə qatılmaq məcburiyyətində qalırsan. Bu qarmaqarışıq sistemdə tələbələrin həm pulları gedir, həm də yeni problemlərə yol açılılır. Təsəvvür edin…
Bir tələbəyə eyni saatda 3 dərs yazılır. Yəni, tələbə eyni vaxtda həm kəsiri olan fənlə bağlı dərslərdə olmalıdır, həm də öz ixtisasının cədvəlinə uyğun dərsdə iştirak etməlidir. Bu necə baş verə bilər? Bir tələbə eyni saatda 3 dərsdə necə ola bilər? Bu suala cavab birmənalı olaraq yoxdur.
Belə olan təqdirdə tələbə bir dərsdə olur, digər dərsdə iştirak etmədiyi üçün qayib alır. Və semestr sonunda qayiblərinə görə, pul ödəyir ki, silinsin. Bunula da növbəti kəsirlər yaranır, yenidən tələbəyə pullu dərs saatı yazılır, imtahandan qiymət almaq üçün müəllimlə bazarlığın qiyməti 200-300 manata qalxır.
Bu sistemi universitetin rektoru Zemfira Məmmədova tətbiq edib. Səsini çıxaran tələbə isə, dərhal qovulur.
Elə isə, Universitetdəki bu sistem nəyə xidmət edir? Özünüz nəzərə alın, bu ali təhsil ocağında dərs deyən müəllimlərə kəsiri olan tələbələrdən alınan pullardan əlavə maaş verilir. Müəllim üçün tələbəni kəsirdə saxlamaq sərf edicidir…
Elə isə, universitetin rektoru Zemfira Məmmədovaya bir sual ünvanlayaq. Bir tələbə eyni saatda 3 dərsdə necə ola bilər? Bu hansı ölkənin təhsil sistemi ilə oxşarlıq təşkil edir?»