Hikmət Hacıyev STM-də – Hesabat qəbul edildi

36

Sosial Tədqiqatlar Mərkəzində (STM-də) Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın iştirakı ilə qurumun 2022-ci ilin birinci yarım illiyinin yekunlarına həsr olunan yığıncağı – hesabat iclası keçirilib.

Elchi.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, görüşün məqsədi Mərkəzin elmi-analitik və tədqiqat işlərinin dövlətimizin cari və strateji mənafeləri, tapşırıqları ilə uzlaşması durumuna qiymət vermək, beyin mərkəzlərinin geniş profil və miqyasda hərtərəfli fəaliyyətinə nəzər salmaq, xüsusilə, son iki ildə Vətən müharibəsində parlaq qələbədən sonra regional və beynəlxalq məkanda baş verən sürətli dəyişikliklərə dair qərar qəbuledicilərin STM qarşısında qoyduqları vəzifələrin icrasına dair hesabat verməkdir.

O, ölkə başçısı tərəfindən yaradılan qurumun fəaliyyətində, data əsaslı idarəçilik konsepsiyasına verilən töhfələri sadaladı, dövri olaraq, müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi, sosial dinamikanın və aparıcı tendensiyların ölçülməsi, proqnozlaşdılması sahəsində görülən işlərdən bəhs etdi.

Son altı ayla bağlı Mərkəzin hesabatını təqdim edən İdarə Heyətinin sədri vurğulayıb ki, 2022-ci ilin birinci yarısı üzrə ölkəmizin aktual siyasi və sosial-iqtisadi məsələləri ilə bağlı, xüsusən siyasi gündəmin həyati vacib mövzuları istiqamətində çoxsaylı analitik hesabat, açıq və qapalı arayışlar, ictimai rəy sorğuları, müxtəlif tədqiqat və təhlil sənədləri dövlət başçısına təqdim olunub:

“Mərkəzin strukturuna daxil olan üç departament tərəfindən ümumilikdə 5 ümumölkə sorğusu keçirilib, 54 açıq və qapalı arayış sənədi, 38 elmi məqalə, 1 elmi jurnal və 1 kitab hazırlanıb, Mərkəz əməkdaşları tərəfindən yerli və xarici mediada çoxsaylı müsahibələr, açıqlamalar, çıxışlar edilib. Cari ilin birinci yarısı üzrə ümumilikdə 4844 respondentin rəyini əhatə olunub. Sorğular Prezidentin fəaliyyətinin ictimai rəy əsaslı və artıq ənənəyə çevrilən qiymətləndirilməsi – “İnam indeksi”nin 7-ci buraxılışı 15 iyun tarixində uğurla təqdim olundu, cəmiyyətin sosial-iqtisadi qayğı və gözləntiləri, regional idarəetmədə əhalinin struktur və xidmətlərdən məmnunluğu və digər mövzu istiqamətlərində çoxsaylı məsələlərə vətəndaşların münasibətini, ictimai rəyi öyrənib. Hazırda sorğuların keçirilməsi işləri davam edir və cənab Prezidentin sərəncamı ilə təsdiq olunan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.9 bəndindən irəli gələrək, dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə vətəndaşların dövlət xidmətlərindən məmnunluq sorğusu keçirilir”.

Daha sonra Zahid Oruc açıqlayıb ki, Tədbirlər Planına əsasən 5 il ərzində Mərkəzə həvalə olunan Milli Fəaliyyət planı çərçivəsində STM tərəfindən əhalinin dövlət xidmətlərindən məmnunluq sorğuları elektron formada hər il “barometr.az” saytı üzərindən keçirilməsi nəzərdə tutulub:

“Mərkəz tərəfindən ilin birinci yarısı ərzində 7 analitik hesabat hazırlanıb. O cümlədən, Avropa Birliyinin EU4-Digital təşəbbüsü çərçivəsində – Şərq Tərəfdaşlığı regionunda kiberdayanıqlığın artırılması üzrə kibertəhlükəsizliyə dair fəaliyyət” proqramı ilə bağlı layihə çərçivəsində sorğu əsaslı hesabat, Azərbaycan Respublikasının Biznes Mühiti və beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət” işçi qrupu tərəfindən verilən sifariş əsasında hesabat, Rifah barometri və digər analitik hesabatları qeyd edə bilərik. Sənədlər aidiyyəti sahələrdə dövlət orqanlarının fəaliyyətində, ümumiyyətlə dövlət siyasətinin formalaşmasında, qərarvermə mərhələsində tədqiqat nəticələrinə əsaslanması baxımından siyasət təklifləri ilə zənginləşdirilib.Arayış sənədlərində geosiyasi məkanda və ölkə daxilində siyasi, sosial-iqtisadi, ictimai əhəmiyyətli müxtəlif aktual proseslərin, ictimai meyillərin, cərəyanların vəziyyəti, yaranan problemlərlə bağlı mümkün həll yollarına dair təkliflər və proqnozlar öz əksini tapıb”.

Görülən işlər haqda daha geniş bəhs edən İdarə Heyətinin sədri deyib ki, mühüm sənədlərlə yanaşı, Mərkəzin təsis etdiyi, dövlət reyestrində qeydə alınan, eləcə də beynəlxalq redaksiya heyətinə və beynəlxalq İSSN sertifikatına (Beynəlxalq Standart Seriya Nömrəsi) malik olan Sosial Tədqiqatlar Jurnalının növbəti sayı hazırlanaraq çap edilib. Jurnalda yerli və xarici müəlliflərin sosiologiya, psixologiya, iqtisadiyyat, siyasət, hüquq və fəlsəfə kimi humanitar elm sahələrində məqalələrinə yer verilib: “O cümlədən, “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” adlı Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaradan mühüm bir kitab hazırlanıb, çap edilib. Kitabda 244 abidə tədqiq edilərək xüsusiyyətlərinə görə təsnifatlaşdırılıb və hər biri haqqında təfsilatlı məlumat öz əksini tapıb. Mərkəzin İdarə Heyətinin üzvləri müxtəlif beynəlxalq konfranslarda, tədbirlərdə, o cümlədən Praqada keçirilən Beyin Mərkəzləri Sammitində, VII Beynəlxalq Sosial Elmlər Konqresində, Beynəlxalq Türk Akademiyasının və Türkiyə universitetlərinin təşkil etdikləri çoxsaylı konfranslarda online formatında məruzələrlə çıxış ediblər, Mərkəzinin fəaliyyəti, nəşrləri, beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat veriblər. Həmçinin elmi-tədqiqat işlərinin həyata keçirilməsi ilə yanaşı, respublikanın bir sıra ailə məktəblərində sosial tədqiqatlar sahəsində təcrübələrini bölüşüblər”.

İclasda əməkdaşlar tərəfindən yerli və xarici mediada çoxsaylı çıxışlar, müsahibələr, dövlət siyasəti ilə bağlı şərhlər verilib, müxtəlif yerli və beynəlxalq elmi konfranslarda məruzə və çıxışlarla iştirakına toxunulub, həmçinin Mərkəzin media platformasının gündəlik rejimdə aktiv fəaliyyət göstərməsindən, yarım il ərzində video platformasında 70-dən artıq kontent yerləşdirilməsi, 100 minə yaxın baxış əldə olunmasından bəhs edilib. Digər sosial şəbəkə hesabları üzrə 150-dən artıq kontent paylaşılıb. Mətbuat xidməti STM-in hazırladığı təhlil və tədqiqat sənədlərinin gündəmdə qalmasını təmin edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Mərkəz əməkdaşları ilə keçirilən ötən görüşdə qaldırılan məsələlərin yüksək keyfiyyətlə və ciddi məsuliyyətlə icra edildiiynə diqqət çəkərək, STM-in özünəməxsus dəsti-xəttinin olduğunu və təqdim edilən sənədlərin xüsusi diqqətlə təhlil edildiyini vurğuladı. Eyni zamanda, prezident köməkçisi aidiyyatı dövlət qurumlarına göndərilən sənədlərin diqqətlə araşdırıldığını və fəaliyyətləri üçün zəruri olan təklif, rəy və siyasət tövsiyyələrinə həssaslıqla yanaşıldığını qeyd etdi.

O daha sonra qurumun fəaliyyətinin cari və gündəlik hadisələr əsasında deyil, dövlətimizin və xalqımızın həyati mənafeləri, sosial-siyasi gündəliyi və 44 günlük müharibədən sonra yaranan yeni regional-beynəlxalq tendensiyalar əsasında qurulduğunu xüsusi vurğulayaraq, qonşu ölkələrdə analoji tendensiyaların daha yaxından izlənilməsi və müqayisəli təhlillərin aparılması, yeni milli ideologiyanın və siyasi kimliyin formalaşmasında prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətdən bəhs edərək tədqiqat mərkəzlərinin üzərinə düşən vəzifələrin geniş spektrini göstərdi.Xüsusilə, Qarabağda daimi sülhün bəqrəqrar edilməsi və “Böyük qayıdış” istiqamətində tarixdə misli görünməmiş qurucluq işlərinin xalqımız tərəfindən yüksək qiymətləndirdiyini, eləcə də itkin düşən şəxslər və mina problemləri ilə əlaqədar ölkə başçısının beynəlxalq miqyaslı fəaliyyətinə diqqəti çəkərək bu sahədə əsas hədəflərə geniş yer verən Hikmət Hacıyev siyasi institutların əsas öhdəliklərini xatırlatdı.

Prezident köməkçisi qurumun fəaliyyətinə müsbət qiymət verməklə yanaşı, Mərkəz qarşısında dayanan mühüm vəzifələri qeyd etdi.

Daha sonra Mərkəz təmsilçilərinin müxtəlif rəy və təklifləri dinlənildi, belə görüşlərin dövri əsasda keçirilməsi qərara alındı.