Mövzu ilə əlaqədar olaraq Ölkə.Az-a danışan hərbi ekspert İbrahim Rüstəmli bunu ordumuzun böyük uğurlarının əsas bazası kimi dəyərləndirir.
“Ümummilli liderimizin hələ 1990-cı illərin əvvəllərində işləyib hazırladığı Ordu Quruculuğu konsepsiyası bu gün də müvafiq sahədə öz mükəmməl töhfələrini verməkdədir. Bu konsepsiyada beynəlxalq əməkdaşlıq məsələlərinin xüsusi yeri və önəmi ayrıca qeyd olunurdu.
O vaxtdan indiyədək müvafiq istiqamətdə həyata keçirilən beynəlxalq tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin inkişaf prinsiplərində aparıcı amillərdən biri kimi daim diqqət mərkəzində saxlanılıb. Yəni, beynəlxalq əlaqələr ordu quruculuğunun ən mühüm prioritetlərindən sayılıb. Qısa zaman kəsiyində əldə etdiyimiz uğurlar isə inkişaf etmiş hər bir dünya ordusu üçün əsl nümunə sayıla bilər.
Azərbaycan sülhməramlılarının Kosovada, İraqda və Əfqanıstanda yerinə yetirdiyi missiya, terrora qarşı əməliyyatlara verdiyi mühüm dəstək, hərbi qulluqçularımızın çoxsaylı xarici ölkələrdə reallaşdırılan tədbirlərdə sərgilədiyi peşəkarlıq beynəlxalq koalisiya qüvvələrinin ali komandanlığı səviyyəsində daim yüksək qiymətləndirilib. Bu, ayrı-ayrı rəsmi sənədlərdə öz əksini tapan danılmaz faktdır.
O üzdən, Silahlı Qüvvələrimizin beynəlxalq əlaqələr sahəsində əməkdaşlığının genişləndirilməsini ordu həyatında yenilik kimi dəyəyərləndirmək istər dövlətimizin, istərsə də hərbi qulluqçularımızın indiyədək əldə etdiyi möhtəşəm uğurları, bir növ, kölgə altına almaq baxımından düzgün olmazdı. Beynəlxalq hərbi əməkdaşlıq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində saxladığı önəmli sahələrdəndir. Müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin daha aktiv, daha geniş fazada təzahürü isə dediklərimizin sadəcə əyani sübutudur. Hərbi qulluqçularımız bu tədbirlərdə terrordan əziyyət çəkən dövlətimizin və xalqımızın siması kimi çıxış edir və öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirilər. Bu işdə indiyədək qazanılan beynəlxalq hərbi təcrübənin əhəmiyyəti, heç şübhəsiz, xüsusi vurğulanmalıdır.
Yəni, ordumuzun beynəlxalq əlaqələr istiqamətində daha da genişlənən coğrafiyası gələcəkdə əldə olunacaq daha böyük uğurların əsas bazası kimi dəyərləndirilməlidir. Əlaqələrin genişləndirilməsi dünya miqyasında istər Azərbaycan xalqının və dövlətinin özünüifadəsinə, istərsə də Silahlı Qüvvələrimizin təkamülünə strateji töhfələr verəcək”.
Qeyd edək ki, Hazırda Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Moldova, Polşa, İsrail, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Belçika, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Serbiya, Xorvatiya, İsveçrə, Koreya Respublikası və s. ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir.(Ölkə.Az)