“Bilirəm ki, son dərəcə həssas məsələdir və burada yazılanları tamam başqa cür anlayanlar, yaxud da düz anlasalar da, fərqli şəkildə təqdim edəcək şəxslər də var, ancaq hayların dövriyyəyə buraxdıqları son videodan sonra susmaq da olmur. Özəlliklə də informasiya cəbhəsində onlarla çiyin-çiyinə vuruşan bəzi “azərbaycanlılar”ın nə yazdıqlarını və danışdıqlarını görüb də susmağı düzgün saymıram”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev FB hesabında bildirib:
“Beləlikə, öncə onu deyim ki, həmən video montaj olunub, burada da hay məkri açıq-aydın görünür. İkincisi, təəssüf doğurur ki, bu gün daha çox 44 günlük savaş zamanı Tərtərə, Gəncəyə, Bərdəyə və digər dinc yaşayış məskənlərimizə artilleriya-raket zərbəsi endirilməsi pislənib, buna cavab verilməli olduğu tələb edilməkdənsə, sosial şəbəkələrdə azərbaycanlı əsgərlərin ələ keçirdikləri mövqelərdə torpaqlarımıza soxulmuş düşmən hərbçilərilə savaş qanunlarına uyğun davranmaması müzakirə olunur.
Bu da elə-belə deyil. Ermənistanı, bütövlükdə hayları geosiyasi alət gözündə görənlər müxtəlif səbəblərdən hazırda onları arzuladıqları silah və sursatla təmin etməsələr də, informasiya cəbhəsində hərtərəfli dəstəklərini əsirgəmirlər.
Məhz ona görə də hər bir hərbçimiz son dərəcə ehtiyyatlı davranmalıdır. O anlamalıdr ki, əgər izn yoxdursa, özünün, yaxud da əsgər yoldaşlarının əsl qəhrəmanlığının əks olunduğu döyüş səhnələrini belə çəkib yaymaq olmaz! İnformasiya savaşı haqqında anlayışı olmayan, yaxud da az anlayışlının eksklüziv döyüş səhnələrini paylaşması, hara gəldi də deyil, daha çox öz mövqelərimizə atəş açması, bəzən isə artilleriya zərbəsi endirməsi kimi bir şeydir. Bir də döyüşdə əsgərin vəzifəsi vuruşmaqdır, necə vuruşduğunu çəkmək deyil! Bunun üçün başqaları var.
Daha bir neçə kəlmə də, məhz montaj edilmiş həmən videodakı səhnəyə dayanaraq yazmaq istəyirəm. Aydındır ki, torpaqlarımz düşməndən təmizlənərkən hərbçilərimizin hansı çətinliklərlə üzləşdiklərini təsəvvür etmək olar, amma bunun üçün nələrdən keçdiklərini onların özləri qədər kimsə bilməz. Orasını da anlayıram ki, öz doğma qardaşından daha çox könül bağladığı əsgər yoldaşını itirən igidlərimizin döyüşlərdə yaxaladığı düşmənlə necə rəftar etməli olduğunu mənim kimi klaviatura arxasında oturub yazmaq çox asandır. Düşmənin kimliyini, Xocalı soyqırımı qarışıq hansı vəhşilikləri etdiyini unutmayan, 44 günlük savaş zamanı Azərbaycanın dinc yaşayış məskənlərinə-Gəncəyə, Bərdəyə, Tərtərə necə raket zərbələri endirdiyini görən hərbçimizin döyüş tapşırığı yerinə yetirərkən onlarla üzləşəndə öz emosiyalarını cilovlaması isə elə də asan deyil. Üstəlik, az öncə qeyd etdiyim kimi bu əsəgər ən əziz doğması sandığı döyüş yoldaşını itirbsə, düşmənlə heç də bütün hallarda qanunlar çərçivəsində davrana bilmir. Ancaq davranmalıdır! Özəlliklə də əgər söhbət xüsusi təyinatlıdan gedirsə, o, “atəş” əmri ilə “atəşi dayandır” əmrini eyni dəqiqliklə yerinə yetirməlidir. Əgər yanında duran komandirinin “atəşi dayandır” əmrinə emosiyalarını cilovlayıb tabe olmursa, artıq xüsusi təyinatlı deyil! Mənim nə dediyimi xüsusi təyinatlılar yaxşı anlayırlar. Çünki onlar gözəl bilirlər ki, xüsusi təyinatlıda üstün döyüş bacarığından daha çox dözüm, soyuqqanlılıq, intellekt və yüksək intizam tələb olunur.
Sonda ümid etdiyimi bildirirəm ki, hərbi prokurorluğun apardığı araşdırmalar əsl həqiqəti üzə çıxaracaq. Amma ondan daha çox əmin olmaq istərdim ki, hərbçilərimiz döyüş zamanı özbaşına nəsə çəkib yaymaq təcrübəsinə birdəfəlik son qoyacaqlar!
Gələcəkdə atdıqları hər bir addımda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdən örnək götürəcəklər. Xatırlayacaqlar ki, o, dinc yaşayış məskənlərimiz artilleriya atəşinə tutulanda, Ermənistan rəhbərliyi hərbi cinayət törədərək ölkənin Gəncə kimi ikinci böyük şəhərinə gecəyarısı vəhşicəsinə raket zərbəsi endirəndə, son dərəcə soyuqqanlı davranaraq bizim eyni addımı atmayacağımızı, düşmənə cəbhədə, döyüşlərdə cavab veriləcəyini bəyan etmişdi. Unudulmamalıdır ki, arxasında böyük güclərin dayandığı düşmən üzərində qələbə çalmamızda məhz bu soyuqqanlı davranışın rolu hərbçilərimizin döyüşlərdə göstərdikləri fövqəladə qəhrəmanlıqdan heç də az olmadı”.
Yeganə