Xəbər verdiyimiz kimi, bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq. Görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək. Danışıqlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələləri müzakirə ediləcək.
Məlumdur ki, son günlər Paşinyan sülh müqaviləsinin imzalanması ilə əlaqədar müəyyən açıqlamarı ilə gündəmə gəldi. Bu baxımdan Brüsseldəki görüş kifayət qədər diqqət mərkəzindədir.
Maraqlıdır, ölkə rəhbərlərinin görüşü sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər ?
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məlum görüş barədə düşüncələrini Elchi.az-la bölüşüb.
Onun sözlərinə görə, Ermənistandakı bütün tərəflər bu günkü görüş üzərindən özlərinin siyasi müqəddəratını müəyyən etmək üçün oynamaqdadırlar:
“Həmçinin separatçılar və revanşistlər də bu məsələdə hər hansı bir çıxış yolunun olmamasını qeyd edirlər. Bu mənada Rusiyanın əlini gücləndirməyə çalışırlar. Amma Nikol Paşinyan Azərbaycana və Avropaya göstərir ki, sülh müqaviləsi imzalamağa hazırdır. Bu mənada razılaşma üçün “qapıları açır”. Lakin digər məsələ bundan ibarətdir: Dünən Ermənistanda mitinq baş verdi və müxalifətin bu mitinqi Paşinyanın mövqeyini gücləndirmiş kimi görünmək üçün ortaya atıldı. Fikrimcə, indiki məqamda ölkə rəhbərlərinin görüşünün hansı ehtiyacdan qaynaqlandığı Azərbaycan tərəfindən aydındır. 10 noyabr razılaşmasından sonra dünən də İran tərəfindən Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın legitimləşdirilməsi bizi daha da güclü vəziyyətdə Brüsselə göndərir. Əslində hər iki tərəfin əvvəlki zamanlardan fərqli olaraq daha çox sülhə ehtiyacı var. Ona görə də sülhə yönəlik pozitiv açıqlamalar verirdilər”.
“Görüşdə nələr əldə oluna bilər?” sualına gəlincə, Ə.Əlibəyli vurğulayıb ki, Brüsseldə ilkin razılaşmanın olması mümkündür:
“Ümid edirəm ki, bu, gizli razılaşma olacaq. Çünki Ermənistanın daxili cəmiyyətində bəzi qüvvələri yerindən oynatmaq olmaz. Əlbəttə ki, bu razılaşma Rusiyadan kənarda baş tutsa da, mütləq şəkildə hansısa formadasa Kremlin xeyir-duası ilə baş verəcək proses kimi olmalıdır. Rusiya sülh müqaviləsinin Moskvada bağlanması və indiki məqamda bütün dünyanın Ukrayna üzərindən onun üstünə gəldiyi dönmədə bu müqavilədən pozitiv xallar yığmaq mövqeyində dayanıb. Düşünürəm ki, bu mənada Brüssel görüşündən az şey gözləməməliyik. Görüş müəyyən dərəcədə uğurlarla yekunlaşa bilər”.
Yeganə