Xəbər verdiyimiz kimi, sabah Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq. BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı məlum görüş barədə fikirlərini Elchi.az-la bölüşüb.
Onun sözlərinə görə, Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə baş tutacaq 4-cü görüşü təqdir etmək lazımdır:
“Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin inkişafı və görüşün baş tutması Azərbaycanın dövlət maraqlarına cavab verir. Məlumdur ki, dövlətimiz bir sıra beynəlxalq təşkilatda, Avropa Şurasında, BMT və digər beynəlxalq qurumlarda təmsil olunur. Qarşılıqlı görüşlərin Azərbaycan üçün faydası var. Lakin bir məqamı diqqətdən qaçırmaq olmaz: Ermənistan indiyə qədər Avropa İttifaqı tərəfindən keçirilən görüşlərdən sonra orada verdiyi bəyanatın tam əksini ortaya qoyub. Yəni, Putin Paşinyanı Brüssel görüşündən sonra Moskvaya dəvət edib və dərhal sonra Paşinyan bəyanata zidd çıxışlar edib. Ona görə də düşünürəm ki, bütün hallarda Qərblə, Avropa ilə aparılan danışıqlar davam etdirilməlidir. Lakin bu gün Azərbaycan Rusiya ilə də əməkdaşlığı genişləndirməlidir. Rusiya birbaşa Ermənistanın sözçüsü, sahibi və yiyəsidir. Sülh sazişinin əldə olunmasında Rusiya ilə müəyyən razılığa gəlməliyik və Rusiyanın bu sazişin imzalanmasında hansı niyyətlərinin olduğunu bilməliyik. Amma paralel olaraq olaraq Avropa İttifaqı və Qərblə əməkdaşlığı və danışıqları davam etdirmək lazımdır”.
Yeganə