İnterpol-un bir azərbaycanlı plastik cərrahın axtarışına çıxdığını xəbər vermişdik. Əslində beynəlxalq təşkilat o, həkimi gözəllik üçün bir qadını masada koma vəziyyətində buraxdığına axtarır. Bu axtarışın özü bizə Azərbaycanda plastik cərrahiyyənin hansı durumda olduğunu və daha dəqiqi onun buraxdığı fəsadları araşdırmağa vadar etdi. Nədə olsa, indi bizdə də qonşu İran kimi eyni burunlu, eyni qaşlı qadınlar çoxalıb.
Qeyri-peşəkar plastik cərrahiyyə cəmiyyət üçün təhlükəyə çevrilib.
Plastik əməliyyat keçirən Afət Baxışova ayağını itirmək təhlükəsi ilə üzləşib: “Belə getsə ayağım amputasiya olunacaq. Başa düşürsüz. Balaca qızartı şişir, yayılır. 5 ay ərzində ayağım şişir. İndi 6-cı aydır. Ağrıdan nə ayağımı aşağı edə bilirəm, heç gəzə bilmirəm. Hansı həkimə gedirəmsə eyni sözü deyir ki, o yad cisimli bir şeydir. Ayaqdan çıxmayan bir şeydir”.
Afət Baxışovanın ayağını amputasiya təhlükəsi ilə üz-üzə qoyub, bütün orqanlarını sıradan çıxaran gözəlləşmək istəyi olub. Ötən ilin yayında ayağındakı kiçik qüsuru aradan qaldırmaq üçün plastik əməliyyat etdirən Afətin 6 ay sonra ayağında problemlər yaranır. İki dəfə liposaksiya əməliyyatı keçirsə də yad cisim toxumalar arasında yayıldığından onu təmizləmək mümkün olmur. İstifadə etdiyi hormonal tərkibli dərmanlar isə xanımın müxtəlif orqanlarını getdikcə sıradan çıxarır.
Afət kimi son 5 ildə Azərbaycanda nə az, nə çox düz 30 minə yaxın insan plastik cərrahların qapısın döyüb. Televiziyada gördükləri şoubiznes nümayəndələri hollivud aktrisalarını özlərinə ideal seçib onlara bənzəmək üçün kosmetoloq və cərrahlara müraciət edənlər isə bəzi hallarda mövcud olan gözəlliklərini də itirirlər. Bu plastik cərrahiyyələri həyata keçirən həkimlər sırasında qeyri-professionalların artması isə cəmiyyət üçün əməlli başlı təhlükəyə çevrilib. Əslində isə ən kiçik plastik əməliyyat aparan cərrahın belə ən azı 5 illik ali tibb və üstəlik də 2 illik ixtisas təhsili olması mütləqdir.
Plastik cərrah Dilqəm Mahmudov:
“Həkim ixtisas oxuduqdan sonra mütləq fəaliyyəti üçün izn almaldır. Bundan başqa onun fəaliyyətinin uğursuz olub olmadığını etdiyi əməliyyatların arxivindən də bilmək olar. Xəstlərin arxivi buna kömək edir”.
Amma müraciət etdiyiniz həkimin peşəkarlığını və qanuni fəaliyyətini təyin etmək üçün bunlar da kifayət deyil. Çünki Nazirlər Kabinetinin “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun tətbiq edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 5 saylı qərarı var. Həmin qərarlara əsasən, xarici ölkələrdə tibb təhsili almış və hazırlıq keçmiş əcnəbilər, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasının vətəndaşları yalnız Səhiyyə Nazirliyinin şəhadətnaməsi ilə tibbi fəaliyyət göstərə bilərlər. Səhiyyə Nazirliyinin isə 28 avqust, 2007-ci il tarixli, 80 saylı əmri ilə komissiya yaradılıb. Nazirlər Kabinetinin əmrinə əsasən, həmin komissiya araşdırma aparandan sonra şəhadətnamə təqdim etməlidir. “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna görə isə vətəndaş zərər çəkərsə bu həm həkimin həm də onun fəaliyyət göstərdiyi klinikanın birbaşa məsuliyyəti hesab olunur. Yəni istənilən halda onlar qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad oluna bilməz. O, ki qaldı nazirliyin icazəsi olmadan mütəxəssis dəvət edən klinikalara qarşı tətbiq edilən cəzalara bildirək ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan həkim dəvət edən özəl klinikalara qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq fiziki şəxslərə 2-3 min, hüquqi şəxslər üçün 20 min manatdan 30 min manatadək cərimələr tətbiq olunmaldır.