Bu məqalə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə birgə əməkdaşlığı ilə həyata keçirilən “Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” adlı layihə çərçivəsində hazırlanıb.
Bütün dünyada, qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülür. Lakin problemlər qalmaqda davam edir. Təəssüf ki, son 20 ildə bu problemlərə məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılıqlar da əlavə olunub. Azərbaycanda təbii ki, 1988-ci ildən – yəni məcburi köçkün icmalarının yaranmasından sonra bu kateqoriyadan olan zorakılıqlar ayrıca öyrənilməyə, araşdırılmağa başlanılıb.
Gender siyasətinin önəmi:
Qlobal təşkilatlar niyə bu mövzunu diqqətdə saxlayırlar?
Avropa Şurası 21-ci əsrin prioritetləri sırasına gender balansı mövzusunu da daxil edərək 2018-2023-cü illəri əhatə edən “Gender bərabərliyi strategiyası”nı qəbul edib. Strategiyanın effektiv tamamlanması üçün tərəfdaşlar müəyyənləşdirilib: kütləvi informasiya vasitələri, ayrı-ayrı dövlətlərin parlamentləri, hökumətləri və digər orqanlar strategiya üzrə “təbii tərəfdaşlar” kimi qəbul ediliblər.
BMT üçün də bu məsələ aktuallığını qoruyur. Baş katibKofi Annan zamanında xüsusi qabardılan bu məsələ illər boyu gündəmdə olsa da, son dövrlər problemin aradan qaldırılması üçün sistemli addımlar atılır. Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondu fəaliyyət göstərir ki, bu fondun məqsədi gender bərabərliyinə xidmət etməkdir. Əksər ölkələr, həmçinin Azərbaycan da BMT-nin bu Fondu ilə müvafiq saziş imzalayıb. Azərbaycan Respublikasının 10 oktyabr 2006-cı il tarixli “Gender bərabərliyinin təminatları haqqında Qanunu” mövcuddur. Bu qanunda kişi və qadın bərabərliyi, onların bərabər hüquqa malik olması, bu hüquqların həyata keçirilməsinin bərabər təminatı, cəmiyyətdə bərabər sosial vəziyyətə malik olması müvafiq olaraq nəzərdə tutulub.
Hazırkı mərhələdə 170-dən çox ölkə 1979-cu ilə qəbul edilmiş “Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya”sına qoşulub. Bu, qadının cəmiyyətdəki yeri və rolunun dərk edilməsi istiqamətində irəliləyiş deməkdir. Lakin, təəssüflə qeyd edə bilərik ki, hələ də bir çox ölkələr bu istiqamətdə heç bir addım atmayıblar və ya qismən atıblar.
Amma problem təkcə hansısa ayrı-ayrı ölkələrin bu məsələdə geridə qalması, müvafiq addımlar atmaması ilə bağlı deyil. Problem daha qabarıqdır, ayrı-ayrı ölkələr kontekstindən çıxıb, qlobal xarakter daşıyır. Hətta ən inkişaf etmiş dövlətlərdə belə, gender əsaslı müxtəlif problemlər mövcuddur və həlli asan deyil.
Son yüzillikdə qadınlar bir çox hüquqlar əldə ediblər, lakin məsələ tam həllini tapmayıb. Dünyada elə bir ölkə yoxdur ki, orada qadınlar kişilərdən daha çox pul qazansınlar. Hətta eyni vəzifədə çalışmış olsalar belə, yenə də fərq hiss olunandır. Qadınlar dünya əhalisinin yarısını təşkil edirlər və təbii olaraq səhiyyə, təhsil, qazanc, siyasi hüquq və s. kişilərlə bərabər haqlara sahib olmalıdırlar.
Ümumdünya gender araşdırmaları mərkəzləri hər il dünyada gender bərabərliyinin inkişaf səviyyəsi ilə bağlı hesabat hazırlayırlar. Hesabatlara əsasən demək olar ki, bu problem öz həllinin daha çox Şimali Avropa ölkələrində qismən də olsa tapır. Bu ölkələr sırasında İslandiya, Finlandiya, Norveç, İsveç, Danimarka var. Buna səbəb kimi müasir innovasiyaların, iqtisadiyyatın və yüksək həyat səviyyəsinin olmasını göstərmək olar. Amma heç də bütün Avropa ölkələrində durum eyni deyil, hətta pisə doğru dəyişim var. Amerika kimi demokratik bir dövlətdə də vəziyyət ürəkaçan deyil, yəni əslində Amerikada bu yöndə üstünlük var, amma yenə də Avropadan geri qalır. Hansı ki, başqalarına nümunə kimi təqdim edilən Avropada da durum qənaətbəxş deyil.
Avropa Statistika Qurumu (Eurostat) 2017-ci il üçün Avropa İttifaqı ölkələrində rəhbər vəzifədə işləyən qadınların faizini açıqlayıb. Eurostat-ın hesabatına görə, Aİ ölkələrində idarə heyətində işləyənlərin 35 faizi qadınlardır. 2014-cü ildə Aİ ölkələrində təxminən 7,3 milyon nəfər, ən azı 10 işçisi olan, müəssisələrdə idarə heyətində işləyir. Rəhbərlərin 65 faizini kişilər, 35 faizini isə qadınlar təşkil edir. Beləliklə, Aİ ölkələrində hər 3 rəhbərdən yalnız biri qadındır. Bu baxımdan beynəlxalq təşkilatlar həyəcan təbili çalır, gender balans və gender əsaslı digər mövzuları prioritetlər sırasına çıxarırlar.
Gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir. Hesablamalara görə, gender balansı tam təmin olunarsa, dünyada ümumdaxili məhsul təqribən 5,5 trilyon dollara qədər arta bilər və dünya inkişaf etmiş bir duruma gələr.
Gender əsaslı zorakılıqlar
Dünya üçün gender əsaslı problem təkcə gender balansın təmin edilməməsi deyil. Mədəni dünya gender balansın təmin edilməsi üzərində çalışırsa, yerlərdə hələ gender balansdan öncə həlli edilməli olan çoxsaylı problemlər var. Bunlardan ən başlıcası gender əsaslı zorakılıqlardır.
Hər gün media üzərindən çoxlu sayda qadınların fiziki zorakılığa məruz qalması barədə xəbərlərlə rastlaşırıq. Müasir cəmiyyətdə ən ciddi problemlərindən biri ailədə olan qadınlara qarşı zorakılıqların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir.
Məcburi köçkün icmalarında cinsi və gender əsaslı zorakılıqlar
Məlum olduğu kimi, hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadınlar və uşaqlar olur. Bu nöqteyi-nəzərdən çıxış etsək deyə bilərik ki, Azərbaycanın məcburi köçkün icmaları ilk zorakılığı da məhz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı alıblar. Onların yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir, fəaliyyətlərinin bu və ya digər mərhələlərində özünü gizli və ya açıq formada nümayiş etdirir. Məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi üçün davamlı işlər görülməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova vurğulayıb ki, məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün bir sıra işlər görülüb: “Komitə tərəfindən bütün icra hakimiyyətlərinin yanında gender əsaslı və uşaqlara qarşı zorakılıqla mübarizə aparmaq məqsədilə monitorinq qrupları fəaliyyət göstərir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri” adlı Layihəsi çərçivəsində Bakı şəhəri Binəqədi və Sabunçu, Goranboy, Bərdə, Füzuli, Ağdam rayon icra hakimiyyətləri yanındakı gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qurupları nəzdində operativ işçi qrupları (şəbəkələr) yaradılmışdır. Bu şəbəkələr xüsusən, məcburi köçkün icmalarında yaşayan qadınlara, qızlara, uşaqlara qarşı cinsi və gender zorakılığının qarşısının alınması üçün işlər həyata keçirir. Bu işlərin bir çoxu qabaqlayıcı yəni, profilaktik işlərdir. Əgər icmalarda hər hansı bir qadın və ya uşaq zorakılığa məruz qalırsa operativ olaraq onlara müvafiq yardım göstərilir, müəyyən tədbirlər görülür. Digər layihəmizin bir hissəsi isə yenə də, həmin icmalarda yaşayan gənclərin, xüsusi ilə oğlanların maarifləndirilməsidir. Apardığımız təhlillər onu deyir ki, öz uşaqlıq həyatında anasına qarşı zorakılığı davamlı olaraq müşahidə etmiş oğlanlar böyüdükdə bunu bir norma halı kimi qəbul edirlər. Bu bizi narahat edən məsələdir. Ona görə də təkcə qadınların maarifləndirilməsi elə də böyük effekt vermir. Buna görə də kişilərin, xüsusi ilə gənc oğlanların da maarifləndirilməsi çox vacibdir. Bu sahədə gənclər arasında maarifləndirmə işləri aparırıq. Həmin icmalarda yaşayan qadınların, qızların həm hüquqi biliklərinin artırılması, həm də iqtisadi cəhətdən güclənməsi üçün maarifləndirmə işləri aparılır, təhsil, əsasən də peşə ixtisas təhsili almaq üçün onlara yardım edilir. Digər tərəfdən isə mövcud zorakılıqla mübarizədə operativ işçi qrupları yaratmaqla tez bir zamanda baş vermiş zorakılığın aradan qaldırması üçün təcili müvafiq tədbirlər görülür”.
A.Veysəlova qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, qadınlarımız özlərində güc taparaq, ölkəmizin inkişafı və müstəqilliyinin gücləndirilməsi prosesində aktiv iştirak etməyə başladılar. Azərbaycan Hökuməti həmin qadınların ictimai-siyasi həyata inteqrasiya edilməsi üçün bütün imkanları yaradır. Hazırda bu qadınlar arasında milliət vəkili, müəllimlər, həkimlər, dövlət qulluqçuları, kənd təsərrüfatında çalışanlar vardır. İstedadlı uşaq və gənclərin inkişafı üçün şərait yaradılır, onların təhsili üçün güzsəştlər edilir. Lakin onların yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Və bu neqtiv təsirləri azaltmaq üçün biz daha çox çalışmalıyıq. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması vacibdir. Bu məqsədə nail olmaq üçün gənc xanımların və qadınların məşğulluğu artırılmalı, müxtəlif peşə və sənətlərə sahib olmalıdırlar. Məcburi köçkün icmalarında insanların, xüsusi ilə də gənc qızların, qadınların fəaliyyəti, onların təhsilinin nə dərəcədə davam etdirmələri olduqca vacib məsələdir: “Çünki aparılan təcrübələr, müşahidələr onu göstərir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınlar və qızlar daha çox gender əsaslı zorakılığına məruz qalır. Xüsusi ilə belə həssas qrupdan olan məcburi köçkün qızların təhsil səviyyəsinin və iqtisadi cəhətdən iştirakçılığının, eyni zamanda məşğulluğun artırılması baxımından bu məsələləri önəmli sayırıq. Komitə olaraq bununla bağlı, bir neçə layihələr həyata keçirmişik. İnsanlar qaçqın və məcburi köçkün düşdükdən sonra həyatlarında müxtəlif sahələr üzrə bir sıra fasilələr verməli olublar, o cümlədən də təhsil sahəsi üzrə. Biz belə bir qərara gəldik ki, natamam təhsilli qızların peşə yönümlü təhsili ilə bağlı onlara kömək edək, layihə həyata keçirək. Məcburi köçkün icmalarında həmin natamam təhsilli qızları tapdıq və onlarla bir sıra peşələr, həmçinin innovativ olaraq kompüter, mühasibat kursları və CV-lərin necə hazırlanmasını öyrətdik. Bu layihəni YUNESKO-nun həm baş ofisi, həm də Azərbaycan üzrə Komissiyası ilə birgə həyata keçirtdik və nəticədə 100 nəfərə qədər natamam təhsilli məcburi köçkün qızlara təhsil verdik. Onlara diplom və sertifikatlar verildi, əldə etdikləri bilik və bacarıqlar əsasında iş fəaliyyətinə yönəldildi. Bu, onlara həyatlarında doğurdan da xüsusi bir dəyişiklik gətirdi. Onlara özünə inamı geri qaytardı, motivasiya yaratdı”.
Sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, məcburi köçkünlərin vəziyyəti 20 il əvvəlki ilə eyni deyil: “Ən əsası onlar cəmiyyətə inteqrasiya olunub. Öncəliklə burada yaxşı təhlillər aparmaq, vəziyyətin nə dərəcədə fərqli olduğunu öyrənmək lazımdır. Bu sahədə bir sıra faktlar, məlumatlar var. Təbii ki, istər məcburi köçkün, istərsə də əhalini başqa təbəqəsi olsun hökmən həm maarifləndirmə işləri, həm də inzibati metodlargüclü rol oynayacaq. Bizim cəmiyyət belə bir vəziyyətdədir ki, təkcə maarifləndirməklə iş görmək mümkün deyil. Ona görə də istənilən vəziyyəti həll edərkən inzibati yolları düşünməli və hansı tədbirlər görməli olduğumuzu bilməliyik. Eyni zamanda maarifləndirmə geniş şəkildə olmalıdır.
Psixoloq Gülnarə Əliyeva bildirib ki, gender bərabərliyi yalnız Azərbaycanda məcburi köçkün icmalarında deyil, bütün dünyada aktual olan problemdir: “Biz bunun məcburi köçkün icmalarında daha tez-tez şahidi oluruq. Qızlarımızın təhsildən uzaqlaşdırılması, erkən yaşda nikaha cəlb edilməsi, yaxud qadınlarımızın işləməyə ixtiyarlarının olmaması gender problemini bizim üçün daha da aktuallaşdırır. Həmin qadınlarımız, qızlarımız bu cür zorakılıqlarla qarşılaşdıqlarına görə cəmiyyətdə özlərini tapa bilmir, özgüvənləri aşağı düşür və nəticədə cəmiyyət üçün faydasız olduqlarını hesab edirlər. Bu tək həmin insan üçün deyil, insan resurslarının düzgün istifadəsi baxımından dövlət üçün də mənfi təsir göstərir. Bunun üçün hüquq çərçivəsində həllini tapan müəyyən qanunlarımız var. Lakin artıq bizim cəmiyyətin düşüncəsində qəlbləşmiş gender streotipləri var ki, bunların kökü çox dərinə dayanır. Bunu dəyişmək üçün kağız üzərində olan yazılardan əlavə insanların fikirlərini dəyişdirmək lazımdır. Təbii olaraq bu öncə ailədən gəlir. Qadın kişi arasında müəyyən fizioloji və bioloji fərqlər ola bilər, amma biz qəbul etməliyik ki, qadınların da hansısa işi görməyə, seçim etməyə gücü və ixtiyarı çatır. Ailədən sonra isə məktəblərdə və universitetlərdə əsasən əks cinsin nümayəndələrini gender bərabərliyinə hörmətlə yanaşmağı tərbiyə etməli, onlara aşılamalıyıq”.
Gender əsaslı problemlər və media
Avropa Şurası gender əsaslı problemlərin aradan qaldırılması üçün istifadə ediləcək vasitələrdən biri kimi medianı müəyyən edib. Cəmiyyətdə gender streotiplərinin aradan qaldırılması üçün rol alacaq komponentlərdən biri də, məhz mediadır. Medianın vasitəsilə gender əsaslı problemləri, o cümlədən, cinsi zorakılıq hallarını açmaq və cəmiyyətə bunun qarşısını almaq yollarını təşviq etmək mümkündür. Media eksperti, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyir ki, medianın vasitəsilə gender streotiplərin və gender əsaslı zorakılıqların aradan qaldırılmasına yardım göstərməsi istiqamətində ciddi addımlar atılır: “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarına ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin və gender bərabərliyinin təşviqi və müdafiəsi” adlı yeni, 4-cü prinsip daxil edib. Yeni prinsipdə deyilir ki, jurnalist ayrı-seçkiliyə yol verməməli və gender bərabərliyi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir. Gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imicini təşviq etməli, gender əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı pisləməli və onun neqativ nəticələrinə dair cəmiyyətdə məlumatlığı artırmalıdır. Həmçinin, jurnalist cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar, imkanlar təmin olunmalıdır”.
Göründüyü kimi, media gender əsaslı problemlərin aradan qaldırılmasına yardım göstərmək məqsədilə yenidən səfərbər edilir, onun üçün etik və hüquqi platforma yaradılır.