“Azərbaycanın xarici siyasətində ən mühüm cəhətlərdən biri böyük dövlətlərin beynəlxalq normaların əleyhinə yönələn kiçikliklərini neytrallaşdırmağı, onlardan gələn tədid və təhlükəni dəf etməyi bacarmasıdır. Və bu təkcə simmetrik yox, həm də asimmetrik, bəlkə də daha çox asimmetrik yolla reallaşdırılır. Brüsseldə Paşinyanla növbəti danışıqlardan dərhal sonra cənab Prezidentin İtaliyaya işgüzar səfərini həm də bu yöndə atılmış addımlardan biri kimi qiymətləndirirəm”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev Feysbuk hesabında məlumat verib.
Deputatın sözlərinə görə, heç kimə sirr deyil ki, Fransa ikinci Qarabağ savaşının nəticələrini öz maraqlarına cavab verməyən reallıq kimi qiymətləndirir və Azərbaycanla Ermənistan arasında tezliklə beynəlxaq normalara cavab verən sülh anlaşmasının bağlanmasının əleyhinədir:
“Rəsmi Paris eyni zamanda çalışır ki, Avropa Birliyi də bu məsələdə onun mövqeyini dəstəkləsin.
Cənab İlham Əliyevin İtaliyaya səfəri isə göstərdi ki, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik missiyasından belə qıcıqlanan Makron Fransası üçün bu elə də asan olmayacaq. Avropada hay lobbisinin yox, məhz öz maraqlarından çıxış etməyə üstünlük verən dövlətlər də var və onlardan biri də İtaliyadır. İtaliya Azərbaycanın həm özlərinin enerji təhlükəsizliyi üçün, həm də bütövlükdə regionda oynadığı rolu düzgün qiymətləndirir.
Xatırladaq ki, sözü gedən ölkədə sentyabrın 25-də növbədənkənar seçki gözlənilir və ona görə də Mario Draqinin kabineti hazırda müvəqqəti sayılır. İtaliyada formalaşmış ənənəyə görə isə müvəqqəti hökumətin fəaliyyəti dönəmində daxili və xarici siyasətdə hansısa mühüm addımlar atılmır, digər dövlətlərin liderləri ilə yüksək səviyyəli görüşlər keçirilmir.
Amma dövlət başçımızın İtaliyaya səfəri zamanı bu ənənə pozuldu və cənab İlham Əliyevlə həm Prezident Sercio Mattarella, həm də Nazirlər Şurasının sədri Mario Draqi arasında hər iki ölkənin maraqları baxımından mühüm danışıqlar oldu ki, bu da orada Azərbaycana verilən önəmin bir göstəricisidir.
Fikrimcə, yaxın zamanlarda biz Azərbaycan-Çin əlaqələrinin daha da genişlənməsi yönündə də müəyyən addımların atıldığını görəcəyik. Filip Rikerin “həmsədr” təyin edilməsi və Qarabağdakı separatçı ünsürlərdən biri-David Babayanın ABŞ-a səfərinin bu regionda rəsmi Vaşinqtona hansı dividentlər gətirəcəyinə isə baxacağıq. Amma bir şey gün kimi aydındır ki, Bayden administrasiyasının Qarabağdakı haylara və bütövlükdə Qafqazda baş verənlərə yanaşmada Makron Fransası sayaq davranması regionun inteqrasiyasına maneçilik törətməklə yanaşı, guya maraqlarını güddüklərinə yaxşı heç nə vəd etmir.