Fransa Bakıya 130 minaaxtaran detektor hədiyyə etdi

33

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransanın ölkəmizdəki səfirliyi arasında avqustun 3-də həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib.
Bu barədə ANAMA-dan məlumat verilib.
Bildiirlib ki, agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.
Baş tutan təqdimat tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros çıxış ediblər.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov qurumun fəaliyyətindən danışıb. O, bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları Azərbaycanda həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.
Daha sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair təşkil edilmiş sərgiyə baxış keçiriblər.