Ermənistan Zəngəzur dəhlizinin reallaşması prosesini uzatmağa çalışır. İndiyə qədər Paşinyan hakimiyyəti bu yöndə manipulyativ addımlar atmaqda davam edir. Bugünlərdə isə Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan isə erməni mediasına açıqlamasında deyib ki, Zəngəzur dəhlizinin açılması heç bir halda erməni tərəfi üçün məqbul deyil. Ağacanyanın iddiasına görə, Ermənistan Zəngəzur dəhlizi məsələsinin müzakirəsindən imtina edir.
Təbii ki, erməni deputatın bu fikirlərinin heç bir əsası yoxdur. Çünki 10 noyabr razılaşmalarında bu məsələyə aid ayrıca maddə mövcuddur. Digər tərəfdən, Avropa İttifaqının vasitəçiliyə Brüsseldə keçirilən üçtərəfli görüşlərdə də kommunikasiyaların açılması müzakirə mövzusu olub. Ona görə də, Ağacanyanın əsassız fikirlərinin daxili auditoriya üçün hesablanması şübhə doğurmur.
Mövzu barədə Elchi.az-a danışan beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, Ağacanyanın sərsəm açıqlaması sülh prosesini sabotaj etməyə yönəlmiş növbəti cəhddir.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir və Ermənistan üzərinə düşən ödəliyi yerinə yetirməlidir:
“Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını təmin etməsə, Azərbaycan dövləti müəyyən adekvat addımlar atmaq hüququnu özündə saxlayır. Ermənistanın manipulyativ davranışlarına baxmayaraq, Zəngəzur yolunun dəhliz statusuna sahib olduğu 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu maddəsində aydın şəkildə təsbit olunub. Həmin sənəddə qeyd edilir ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir: “Burada “maneəsiz hərəkət” həmin nəqliyyat yolunun eksteritoriallığını nəzərdə tutur. Bu isə o anlama gəlir ki, Zəngəzur yolunun üzərində Ermənistanın hər hansı nəzarətindən söhbət gedə bilməz. Başqa sözlə, nəzərdə tutulan hüquqi rejim Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolun məhz dəhliz statusuna sahib olduğunu göstərir”.
Ə.Əlibəyli vurğulayıb ki, Ermənistanın Zəngəzur dəhlizini açmaqdan boyun qaçırması 10 noyabr tarixli üçtərəfli bəyanatın müvafiq maddəsinin kobud şəkildə pozulması deməkdir:
“Azərbaycan dövləti təmkin nümayiş etdirərək iki ilə yaxındır ki, qarşı tərəfin Zəngəzur dəhlizilə bağlı adekvat addımlar atacağını gözləyir. Biz əbədiyyən ermənilərin nazı ilə oynamayacağıq. Bizim də səbrimizin tükənən məqamı var. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizini açmaqdan imtina etsə, Azərbaycan da Laçın dəhlizinin hüquqi rejimini yenidən nəzərdən keçirmək məsələsini gündəmə gətirə bilər. Yəni Laçın dəhlizi üzərində Azərbaycanın müvafiq dövlət qurumlarının nəzarət-keçid məntəqələri yerləşdirilə bilər. Bununla da ermənilər hər iki istiqamət üzrə Azərbaycanın müvafiq qurumlarının nəzarəti altında hərəkət etmək məcburiyyətində qalacaqlar. Bir sözlə, Zəngəzur və Laçın dəhlizləri üzərində eyni hüquqi rejim tətbiq olunmalıdır. Ermənistan tərəfi bunu indidən nəzərə almalıdır. Yoxsa gec olacaq.
Artıq Ermənistan tərəfi də məsələnin dalana dirəndiyini və Zəngəzur dəhlizinin açılması zərurətini yaxşı anlayır. Sadəcə olaraq, Ağacanyan kimilər daxili auditoriyanı sakitləşdirmək üçün bu cür yanlış fikirlər səsləndirirlər”.
Yeganə