İrəvan Ankara ilə münasibətlərinin normallaşdırlmasında Moskvadan vasitəçilik etməsini xahiş edib.
Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib.
Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəşiliyini təklif edib, İrəvan bu məqsədlə Moskvanı seçib:
“Rusiya da daxil olmaqla, bir neçə beynəlxalq partnyor Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər nə vaxtsa bu barədə danışqılar olsa, məlumat verəcəyik”.
Bildirilir ki, İkinci Qarabağ müharibəsindən sonra, avqust ayından başlayaraq, Ermənistanın baş naziri və Türkiyə prezidenti digər tərəfdən müsbət siqnallar aldıqlarına dair bəyanatlar veriblər. Ötən sentyabrda hətta Rəcəb Tayyib Ərdoğan bildimişdi ki, Baş nazir Nikol Paşinyan ona Gürcüstanın baş naziri vasitəsilə görüşmək istədiyini çatdırıb. Lakin Ərdoğan demişdi ki, belə bir görüşün baş tutması üçün İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalıdır. İrəvan cavab olaraq bildirmişdi ki, “dəhliz məntiqi” Ermənistan üçün qeyri-məqbuldur, amma İrəvan Ankara ilə təmaslara hazırdır.
Ermənistan XİN mətbuat katibinin sözlərinə görə, o vaxtdan bəri Ankara və İrəvan arasında birbaşa danışıqlar olmayıb.
Qeyd edək ki, Ermənistanın Türkiyə ilə münasibətlər qurmasında ABŞ da öz vasitəçiliyini təklif edib.