“Ermənistan son kozurunu oynamağa cəhd edir. Gedən proseslərə təsir imkanını itirdiyini anlayan Ermənistan Qarabağın ermənilər məskunlaşan ərazisində siyasi vəziyyəti məqsədli şəkildə gərginləşdirir”.
Bu barədə Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib:
“Milyarder Vardanyanın Qarabağa yerləşmək addımından tutmuş, ordakı ermənilərin qondarma “müstəqillik günü” keçirməsi, bura Ermənistan təhlükəsizlik şurası sədri və deputatların gəlməsi, Rusiya dumasının deputatı Zatulinin “müstəqillik günü” ilə əlaqəli duma möhürlü təbrik məktubu, ən əsası isə Amerikaya gedən erməni nümayəndələrinin keçirəcəyi görüş və konqresdəki çıxışlarının eyni vaxta düşməsi göstərir ki, erməni lobbisi və tərəfdarları buna ciddi hazırlaşıblar. Hadisələrin eyni vaxtda olması siyasi effektinin güclü olmasına hesablanıb, eyni zamanda, bu qondarma qurumun aktiv siyasi həyatı olduğunu sübut etmək üçündür. Bununla yanaşı, ermənilər Kəlbəcərdə də atəşkəsi pozub, hərbi insident də törədiblər.
Erməni tərəfi yaxşı başa düşür ki, belə bir fəaliyyət Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanacaq. Böyük ehtimalla hesablayıblar ki, Azərbaycan tərəfi hərbi güc də tətbiq edəcək. Bunun özü isə “aktiv siyasi fəaliyyət göstərən” Qarabağ ermənilərinin formalaşdırmaq istədikləri “Azərbaycan tərəfi bizim varlığımıza təhlükə yaradır, bizim onlarla bir yerdə yaşamağımız mümkün deyil” fikrini irəli çıxarmaq və müxtəlif kürsülərdən bəyan etmək istəyirlər. Qərbdəki qüvvələr də bundan siyasi təzyiq etmək üçün fürsət gözləyirlər.
Azərbaycan tərəfi təmkinli davranmalı və bu provakasiyalara getməməli, səbr göstərməlidir. Azərbaycan özünün böyüklüyünü və güclü olmasını bu oyunları gördüyünü, bir daha erməni cəmiyyətinin xilas yolunun və təhlükəsizliyinin məhz Azərbaycanın yanında olduğunu vurğulamalıdır. Ermənilər tərəfindən formalaşdırılmaq istənilən Azərbaycan yox, sivil, xoşməramlı, qonşularına heç nəyə baxmadan yaxşılıq etmək istəyən Azərbaycan görüntüsü yaratmaqla qərəzli qüvvələrin planlarını pozmalıdır”.
Yeganə