“İranın Ermənistandakı səfiri Abbas Zohuri avqustun 27-də yerli mediaya açıqlamasında bildirib ki, 2022-ci ilin 6 ayı ərzində İrandan Ermənistana ixracın həcmi 37% artıb və 560 milyon ABŞ dollarına çatıb. Onun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrə 6-7 min adda məhsulu güzəştli tariflərlə ixrac etmək imkanı İranlı iş adamlarına İttifaqın bazarlarında işləmək imkanı yaradır. Səfirin sözlərinə görə, bu o deməkdir ki, İran güzəştli gömrük rüsumlarından istifadə etməklə Ermənistan ərazisindən Avrasiya İqtisadi İttifaqına 6-7 min adda məhsul ixrac edir. Səfir bildirib ki, İran Ermənsitan vasitəsilə Avrasiya İqtisadi İttifaqına ixracını iki dəfə artırmağı planlaşdırır”.
Elchi.az-ın məlumatına görə, bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli FB hesabında bildirib.
Onun sözlərinə görə, bütün bunlar o anlama gəlir ki, İrandan Ermənistana ixracın artması ilə bağlı göstəricilər Ermənistanın idxal potensialının hesabına baş verməyib:
“Yəni 37% artım Avrasiya İqtisadi İttifaqı ölkələrinə Ermənistan vasitəsilə edilən ixracın göstəricisir. Ermənistan ərazisi İran üçün güzəştli tariflərdən yararlanmaq üçün “tramplin” rolunu oynayır. Ermənistan isə ona Avrasiya İqtisadi İttifaqının üzvü kimi təqdim edilmiş güzəştlərdən İranın yararlanmasına imkan verməklə, əslində həm Gömrük İttifaqı və Vahid İqtisadi məkan haqqqında müqavilənin, həm də Aİİ haqqında müqavilənin bir sıra müddəalarının tələblərini pozur. Beləki Aİİ ilə İran arasında imzalanmış müvəqqəti müqaviləyə əsasəb bu ölkədən İttifaq ərazisinə 500 adda məhsulun güzəştli şərtlərlə idxalı nəzərdə tutulur. Amma İranın İrəvandakı səfiri 6-7 min adda məhsulun Ermənistan ərazisi ilə idxalından danışır. Belə anlaşılır ki, Ermənistan “hamam suyu ilə özünə dost tutur”, yəni Aİİ üzv olan ölkələrin idxal potensialından istifadə etməklə, İranın bu ölkə ilə Aİİ arasında imzalanmış müqavilədə nəzərdə tutulmayan məhsullarının Avrasiya İqtisadi İttiofaqının bazarlarına təkrar ixracına imkan yaradır. Nəticədə həm İranı razı salır, həm də ticarət dövriyyəsində mənfi saldonun qismən də olsa azaldılmasına nail olur”.
Yeganə