“Qarabağ mövzusu Ermənistanda yaranmış iqtisadi vəziyyətdən əhalinin diqqətini yayındırmaqdan ötrü gözəl bir şeydir”.
Axar.az “Vestikavkaza.ru”ya istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Petrov çıxış edib.
O, Ermənistanın yaydığı diversiya hücumlarının hər birinin yalan olduğunu bildirib:
“Diversiya faktını asan şəkildə yoxlamaq olar. Çünki diversiya hücumunun izlərini rahat şəkildə gizləmək olmur. Əgər belə bir şey varsa, o zaman itkilər, yetim qalmış uşaqlar olmalıdır. Ermənistan bunun haqqında heç bir məlumat vermir. Azərbaycan isə hər itki haqqında məlumatını bölüşür. ATƏT-in Minsk Qrupu bunun haqqında informasiyaları yoxlaya bilər və əgər belə bir şey varsa, onu üzə çıxarmaq çox asandır. Amma “diversiya” kəlməsi hər dəfə kağız üzərində qalır. Qarabağ mövzusu Ermənistanda yaranmış iqtisadi vəziyyətdən əhalinin diqqətini yayındırmaqdan ötrü gözəl bir şeydir. Ölkədə yaranan böhran, işsizlik, sürətlə artan emiqrasiya, dramın kursunun və Rusiyadan edilən transfertlərin aşağı düşməsi İrəvanı yeni addım atmağa vadar edir. Hakimiyyət bunun qarşılığında əhaliyə deyir ki, bizim güclü ordumuz var və o, yenə də diversiya hücumunun qarşısını alıb. Əgər Ermənistanda hakimiyyət dəyişsə, o zaman kağız üstündəki diversiyalar da yoxa çıxacaq və o zaman Qarabağın həlli üçün real perspektiv yaranacaq”.
Qeyd edək ki, ötən gün də qondarma Dağlıq Qarabağın müdafiə nazirliyi guya Azərbaycan ordusunun cəbhənin təmas xəttində diversiya hücumu həyata keçirdiyi haqqında ənənəvi cəfəngiyyat yaymışdı.