Sülhməramlı təşəbbüsləri ilə tanınan erməni fəal, bloger, İstanbulda ailəsi ilə müvəqqəti yaşayan İşxan Verdyan ona Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. Bununla yanaşı, o, Xankəndində yaşamaq niyyətində olduğunu vurğulayıb. Müraciət onun Qarabağı həmişə Azərbaycan torpağı hesab etməsi və bunu beynəlxalq hüquqla əsaslandırması ilə başlayır.
“Bu nöqteyi-nəzərimi ermənilərdən heç kim bir dəfə də təkzib etməyib, mənimlə bu mövzuda debata heç kim çıxmayıb, heç kim mənim səhvimi qanuni, hüquqi cəhətdən əsaslandıra bilməyib. Mən, sadəcə, düşünürdüm ki, bir halda ki, Ermənistan sivilizasiya kursunu götürüb, o, artıq beynəlxalq hüquqa – daxil olmağa hazırlaşdığı birliyin hüququna hörmət etməyə başlamalıdır… Mən həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalıb yaşayan ermənilər Azərbaycan vətəndaşlığını almalıdırlar. Onlara göstərmək istəyirəm ki, orada ermənilər kimi tamamilə təhlükəsiz yaşamaq olar. Hətta yaşamaq gözəldir”, – Verdyan qeyd edib.
“Hörmətli, cənab Prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndində yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm”, – Verdyan bildirib.
Rəsmi Bakının bu müraciətlərə cavabı nə olacaq? Prosedur necədir, Azərbaycan vətəndaşlığı (pasport) alan ermənilər mütləq Bakıya gəlməlidir, yoxsa… Vətəndaşlıq qanunla nə qədər müddətə verilir? Belə halların, xüsusən də Qarabağdakı erməni kökənli Azərbaycan vətəndaşlarının analoji müraciətlərini stimullaşdırmaq üçün Azərbaycan dövlətinin konsepsiyası, konkret “yol xəritəsi” varmı?
Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Elchi.az-a bildirib ki, ermənilərin Azərbaycan Prezidentinə müraciətlərinin çoxalması ondan xəbər verir ki, artıq reallığı anlamağa başlayıblar:
“Başa düşürlər ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edir, qonşularla sülh şəraitində yaşamağa üstünlük verir. Ancaq bu, o demək deyil ki, hansısa ölkənin torpaqlarımızda gözü olsun, ərazi bütövlüyümüzə xələl gətirsinlər. Bizim üçün önəmli olan Qarabağdakı ermənilərin mövqeyidir. Biz istəyirik ki, onlar Azərbaycan qanunları ilə yaşasınlar və pasportumuzu daşısınlar. Separatçıların təzyiqi olmasa, inanıram ki, ermənilərin içində Azərbaycan qanunları ilə yaşamaq istəyənlər tapılacaq. Əks halda torpaqlarımızı tərk etmək məcburiyyətində qalacaqlar”.
E.Şahinoğlu vurğulayıb ki, ermənilərin indiki müraciətinə baxıla bilər, əgər qanunlarımızı qəbul edib yaşamaq istəyirlərsə, onlara müəyyən şəraitin yaranması mümkündür:
“Bu, Azərbaycanın imicinin güclənməsi baxımından da faydalı olar. Yəni beynəlxalq aləmə mesaj verə bilərik ki, əslində ermənilərlə, ümumiyyətlə, hansısa bir etnik qrupla düşmənçiliyimiz yoxdur. Hazırda Azərbaycanda müxtəlif etnik qruplar rahat şəkildə yaşayırlar, amma bizim qanunlarımıza tabe olub pasportlarımızı daşıyırlar. Ermənilər də bu şərtlərimizi yerinə yetirəcəklərsə, gəlib Azərbaycanda rahat şəkildə yaşamaqları mümkündür. Hətta Qarabağda onlara yaşamaq üçün müəyyən bir yer ayrıla bilər. Qanunlarımızı qəbul etməsələr, pasportlarımızı daşımaq istəməsələr, yol açıqdır, Azərbaycanı tərk etməlidirlər!”.
Yeganə